Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Statistika Komitəsi Azərbaycanda yanvar-aprel ayları üçün inflyasiya göstəricilərini açıqlayıb. Məlumatda qeyd olunub ki, 4 ayda Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 105,8 % olub. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanda yanvar-aprel ayları üçün orta illik inflyasiya 6 %-ə yaxın olub.

O cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106,2 %, qeyri-qida məhsulları üzrə 102,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,7 % təşkil edib.  

Məlumata görə, bu ilin aprel ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 106,3 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 107,6 %, qeyri-qida məhsulları üzrə 102,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,6 % olub.  

Apreldə ayrı-ayrı qida məhsullarından daha çox artım  manna yarmasının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, bananın, almanın, armudun, brokkolinin, şirin bibərin, süfrə çuğundurunun, soğanın, kartofun, qəhvənin, kakaonun, qazlı və qazsız suların, azalma isə unun, qarabaşaq yarmasının, yumurtanın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, xiyarın, sarımsağın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 % olub. Qeyri-qida mallarından daha çox artım ayaqqabıların və zərgərlik məmulatlarının, azalma isə mebelin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 2025-ci ilin aprel ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.3%, 2026-cı ildə 4.3% ətrafında olacağı gözlənilir.

Bəs görəsən, neftin qiymətinin son zamanlarda aşağı düşməsini də nəzərə alsaq, ilin növbəti aylarında inflyasiya göstəriciləri necə dəyişə bilər və hansı məhsulların bahalaşacağını proqnozlaşdırmaq olar?

Mövzu ilə bağlı “Unikal”a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, neftin qiymətinin azalmasının ölkədə inflyasiya göstəricilərinə təsiri düşünüldüyü qədər deyil:

“Əgər neftin qiymətinin inflyasiya göstəricilərinə olan təsiri düşünüldüyü və deyildiyi qədər olsa idi, o zaman inflyasiya neft qiymətlərinin aşağı düşdüyü bu dövrdə ötən ilin neftin qiymətinin baha olduğu dövrlə müqayisədə daha yuxarı olmazdı.

Əslində, neftin qiymətinin ucuzlaşması dövlət büdcəsinin gəlirlərinə təsir göstərir. Bu zaman valyuta axını zəifləyir, milli valyutaya təzyiq artır. Eyni zamanda, bu, ölkədə tələbi azaltmış olur".

E.Əmirov hesab edir ki, növbəti aylarda inflyasiyanı hökumətin proqnozlaşdırdığı 5 faiz ətrafında görə biləcəyik:

"Adətən belə vəziyyətlərdə ərzaq inflyasiyası daha yuxarı səviyyədə olur. Qeyri-ərzaq məhsulları isə nisbətən inflyasiya dərəcəsinə görə aşağı olur. Düşünürəm ki, ərzaq inflyasiyası ümumi məhsul kateqoriyaları içərisində qarşıdakı dönəmdə də yuxarı mövqedə qərarlaşacaq", - deyə iqtisadçı əlav edib.

Murad İbrahimli