Polşada keçirilən prezident seçkilərində namizədlərdən heç biri lazımi səs çoxluğunu toplaya bilməyib. Ən çox səs toplayan iki namizəd iyunun 1-də keçiriləcək ikinci turda mübarizə aparacaq.

"Unikal" xəbər verir ki, ilkin nəticələrə əsasən, Baş nazir Donald Tuskun rəhbərlik etdiyi siyasi düşərgənin namizədi, liberal-mühafizəkar Rafal Trzaskovski səslərin 30,8 faizini toplayaraq birinci yerdədir. Mühafizəkar Hüquq və Ədalət Partiyasının (PiS) namizədi Karol Navroçki isə 29,1 faiz səs toplayıb. Hər iki namizəd birinci turda mütləq əksəriyyəti əldə edə bilmədiyi üçün mübarizəni ikinci turda davam etdirəcək.

Üçüncü yeri 15,4 faiz səslə ifrat sağçı “Konfederacya” partiyasının namizədi Slavomir Mentzen tutub.

Seçkilərdə səsvermə hüququna malik 29 milyon seçicidən 66,8 faizi iştirak edib.

Polşada prezident beş il müddətinə seçilir. Geniş səlahiyyətləri olan prezident ölkəni yalnız xaricdə təmsil etmir, həm də xarici siyasətə təsir edir, Baş naziri və hökumət üzvlərini təyin edir, həmçinin müharibə vəziyyətində Silahlı Qüvvələrin Baş Komandanı funksiyasını yerinə yetirir.