"Ermənistan bu gün bu regionda öz təhlükəsizliyini təkbaşına təmin edə bilmir".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib. 

"İlk növbədə ordu ilə məşğul olmaq, daha mütəşəkkil olmaq və ölkənizin çatışmazlıqlarını kompensasiya edəcək potensial geosiyasi tərəfdaşlarla əlaqələr qurmaq lazımdır. 

Rusiya ilə strateji tərəfdaşlığı bərpa etməliyik və təbii ki, İran amilini də bura daxil etməliyik. Ermənistan-Rusiya münasibətlərinə İran komponentini də əlavə edək, onları üçtərəfli münasibətlərə çevirək", - deyə o qeyd edib. 

Köçəryan həmçinin bildirib ki, bugünkü hakimiyyət Rusiya ilə bağlı yalan tezislər irəli sürür: "Bunun üçün bütün təbliğat maşınından istifadə edir. Əsas məqsəd anti-Rusiya əhval-ruhiyyəsini inkişaf etdirmək və Rusiyaya qarşı inamsızlıq toxumu səpməkdir".

Eks-prezident ölkədə hakimiyyət dəyişikliyi ehtimalından da danışıb: "Ölkənin çəkisi artmasa belə, delimitasiya-demarkasiya prosesində hər şey olduğu kimi qalacaq. Bunun üçün isə bizə effektiv idarəçilik, ordunun gücləndirilməsi, iqtisadi inkişaf və güclü tərəfdaş lazımdır". 

Ağarza Elçinoğlu