"Ötən gün Naxçıvanda “Kiber suverenlik” mövzusunda keçirilən müzakirələrdə diqqət cəlb edən məsələlərdən biri də DİN rəsmisinin açıqlaması oldu. Panel müzakirəsində çıxış edən DİN-nin İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov bildirdi ki, son 4 ayda vətəndaşların bank kartlarından 6 milyon manat oğurlanıb".

"Unikal" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, bir çoxları ümumiyyətlə kartlarından oğurluq haqqında rəsmi məlumat vermir, bu o deməkdir ki, hər ay təxminən 2 milyon manat kartlardan talanır:

"Əslində bu rəsmi açıqlamadan sonra Mərkəzi Bank  dərhal reaksiya verməli, problemə aydınlıq gətirməliydi. Hələlik isə bunlar müşahidə olunmur. Kütləvi talamalar tam adiləşib. Artıq hər gün gözləyirik ki, kartlardan nə qədər pul oğurlandığı açıqlanacaq. Nə qədər faydalı və vacib olsa da, maariflənmə və rəqəmsal savadlılıqla bu problemi tez bir zamanda həll etmək çətin olacaq".

O.Gündüz bu vəziyyətin düzəlməsi istiqamətində faydalı ola biləcək təkliflərini açıqlayıb. O qeyd edib ki, ən çox oğurluq olan banklar haqqında məlumatların açıqlanması banklara qarşı ciddi ictimai qınaq yaradar və maliyyə sektorunun məsuliyyətini daha da artıra bilər:

"Güman ki, banklar ciddi itkilər verə biləcəyindən Mərkəzi Bank bu tip məlumatları açıqlamayacaq. DİN-in hər gün açıqladığı statistika çox əhəmiyyətlidir. Bu problemin qanunvericilik baxımından həll edilməsi mövcud problemin həllinə çox kömək edə bilərdi. Mərkəzi Bank qaydalarına əl gəzdirməli, identifikasiya işləri sərtləşdirilməli, banklar oğurlanmış vəsaitlərə görə məsuliyyət daşımalıdır. "Siz təsdiqləmisiniz" deyərək məsuliyyətdən yayınmaq qəbulolunmazdır. Mobil tətbiqlərin kodları audit olunmalıdır, əvvəllər problemi olan banklardan məlumat sızması araşdırılmalıdır. Banklarda və mobil operatorlarda müştəri məlumatlarına çıxışı olan şəxslərə nəzarət gücləndirilməli, daxili audit sistemləri qurulmalıdır. Xarici vətəndaşların bu sahədə işləməsi qanunla məhdudlaşdırılmalıdır.

Maraqlıdır ki, mövcud hüquqi normalara görə kritik qurumu audit edən kiber provayderdə xarici vətəndaş işləyə bilməz, amma kritik qurumun həssas strukturlarında  "xarici vətəndaş işləyə bilməz" deyən bir müddəa yoxdur. Mobil tətbiqlərdə “kreditə STOP” və kartdan oğurluqla bağlı anında məlumat verilməsi üçün “SOS” əlaqə imkanı yaradılmalıdır. "Fərdi məlumatların qorunması haqqında" qanun sərtləşdirilməli, bank kartlarından talama ilə bağlı cinayət məsuliyyəti ağırlaşdırılmalı, bankların və operatorların hüquqi məsuliyyəti konkretləşdirilməlidir".