30 ilə yaxın işğal altında qalmış torpaqlarımız azad edildikdən sonra düşmənin insanlıq əleyhinə törətdiyi müharibə cinayətləri bir-bir üzə çıxır. Ötən ay işğaldan azad edilmiş ərazilərdə sayca 25-ci kütləvi məzarlıq aşkarlanıb. Bu, Xocalıda aşkarlanan 3-cü kütləvi məzarlıqdır. Belə ki, aprel ayında aparılmış qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb. 

Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında - Şuşa-Xankəndi yolu ilə Şuşa-Laçın yolunun birləşməsində aşkarlanıb. Həmin ərazidə ən azı 5 itkin şəxsə aid olan meyit qalıqları aşkarlanaraq götürülüb. Əsgəran-Xocalı yolunun üzərində aşkarlanan kütləvi məzarlıqda isə azı 7 itkin şəxsə aid meyit qalıqlarının olduğu ehtimal edilir. Meyit qalıqları əsasən mülki şəxslərə aiddir. Həmin məzarlıqlarda qeyri-ənənəvi dəfn üsulları müşahidə olunub. Bu faktlar  göstərir ki, mülki şəxslər burada bilərəkdən qətlə yetirilib və kütləvi şəkildə basdırılıblar.  Hətta düşmənin əsir və girov götürdüyü azərbaycanlıların diri-diri basdırıldığına dair də şahid ifadələri var. Beynəlxalq humanitar hüquq normalarına, Azərbaycanın da, Ermənistanın da qoşulduğu Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki insanların girov götürülməsi, ümumiyyətlə, qadağandır. Bu fakt isə göstərir ki, insanlar nəinki girov götürülüb, hətta beynəlxalq humanitar hüquq normalarına zidd olaraq işgəncələrlə qətlə yetirilib və burada kütləvi şəkildə basdırılıblar. Aşkarlanan kütləvi məzarlıqlar isə Ermənistanın törətdiyi cinayət izlərinin növbəti faktıdır.

Dövlət Komissiyası işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov mətbuata açıqlamasında bildirib ki, meyid qalıqları üzərində zorakılıq faktları aşkar görünür. Ayaq, əl, kəllə sümüklərində küt alətlərlə vurulmuş zədə izləri, sümüklərin sınması faktları var. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dövlət Komissiyasında 3990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Son illərdə aparılan axtarış-qazıntı, eyni zamanda, eyniləşdirmə prosesi nəticəsində 170 vətəndaşın taleyinə aydınlıq gətirilib. Bu ilin 1 may tarixinə olan məlumata görə, Dövlət Komissiyasında Xocalı soyqırımı zamanı 210 nəfərin itkin düşdüyü qeydiyyata alınıb. Onların arasında 38 uşaq, 42 nəfər hərbçi, digərləri isə mülki şəxslərdir. Ermənistanın insanlıq əleyhinə törətdiyi müharibə cinayətlərinə hələ də beynəlxalq aləmdə hüquqi qiymət verilməyib. 

Millət vəkili Arzu Nağıyev “Unikal” qəzetinə müsahibəsində bildirib ki, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması vacib məsələdir. Millət vəkili deyir ki, hələ 2020-ci ildə bəzi dövlətlər müharibə davam edə-edə Azərbaycanın haqq səsini insan azadlıqlarının pozulması kimi qələmə verməyə çalışıb. 

“Amma buna prezidentimiz tərəfindən imkan verilmədi. Dövlət başçısı özü xarici KİV- lərin qarşısına çıxaraq Azərbaycanın öz torpaqlarının azadlığı uğrunda döyüşdüyünü, bu haqq savaşında xalqın bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşdiyini qətiyyətlə bəyan etdi. Biz torpaqlarımızı azad etsək də, haqq səsimizi, ermənilərin törətdiyi cinayətləri dünyaya çatdırmaq üçün diplomatik kanallardan, diaspor və medianın köməyindən istifadə etməliyik. Qoşulmama  Hərəkatının üzvləri, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri səviyyəsində bu faktlar məlumdur. ATƏT, Avropa Şurası kimi qurumlara müharibə dövründə və əvvəl törədilən cinayətlərlə bağlı sənədlər təqdim olunub. Ermənistanın törətdiyi müharibə cinayətlərindən biri də mina terrorudur. Onlar milyondan çox minanı Azərbaycan ərazisində basdırmaqla böyük cinayət törədiblər. Bu faktlar dünyaya çatdırılıb. Beynəlxalq məhkəmələrə də təqdimatlar göndərilib. Zərər çəkmiş hər bir vətəndaşın hüququnun müdafiəsi üçün prosedurlar davam etdirilir”, deyə deputat bildrib.

A. Nağıyev düşmənin törətdiyi bu cinayətlərin dünyaya çatdırılmasında sosial şəbəkələrdən də geniş istifadə edildiyini bildirib. O, bu cinayətləri sübut edən faktların müxtəlif dillərdə sosial şəbəkələrdə yayıldığını söyləyib. A. Nağıyev onu da bildirib ki,bu məsələdə dünyanın beyin mərkəzlərinin ekspertlərinin fikirlərindən də istifadə etmək vacibdir. Müsahibimiz buna misal kimi, Heydər Əliyev Fondunun fəaliyyətinin təqdirəlayiq olduğunu söyləyib. Deputat onu da əlavə edib ki, Ermənistanın törətdiyi cinayətlərin vizual yayımlanması üçün interaktiv xəritələrin tərtibi, qısa metrajlı filmlərin çəkilməsi də vacibdir.

Məlumat üçün bildirək ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə, Vətən müharibəsi zamanı və torpaqların azad edilməsindən sonra ərazilərimizdə basdırılmış minalar günahsız insanların həyat və sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqdadır. 

Aprelin 7-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub. Eyni gündə mina partlayışı nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü Heydər Əli oğlu Xankişiyev Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sol aşağı baldır oynağı və ayaq səviyyəsində travmatik amputasiya diaqnozu təyin edilib. Aprelin 6-da isə Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində üç nəfər - ata və iki övladı xəsarət alıb. Aprelin 2-də də Ağdamda daha bir mülki şəxs mina qurbanı olub.

Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb. Bildirilib ki, 2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər həlak olub və ya yaralanıb. Ombudsman Aparatı da hadisəyə reaksiya verərək, Ermənistanın basdırdığı minaların ciddi təhlükə mənbəyi olduğunu bildirib və statistik məlumatlara əsasən, 1991-ci ildən bu günə kimi mina qurbanlarının sayının 3400 nəfərdən çox - bunların da 359-nun uşaq, 38-nin qadın olduğunu vurğulayıb. Təəssüflər olsun ki, bütün bunlara baxmayaraq Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etmir və təqdim edilən xəritələrin dəqiqlik payı təqribən 25 faizdir.

Gülayə Mecid

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb