Rusiya prezidenti Vladimir Putin ölkənin təhlükəsizliyi üçün zəruri qərarlar verir.

"Unikal" xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə Amerika lideri Donald Trampın rusiyalı həmkarına ünvanladığı tənqidi fikirləri şərh edərkən deyib.

"Biz Kiyevin Qələbə bayramı ərəfəsində liderləri necə hədələdiyinin şahidi olduq. Təhdidləri hamı eşitdi. Orada olan liderlər böyük gün ərəfəsində pilotsuz təyyarələrin hücumuna cəhdin şahidi oldular. Cəhdlər davam edir, prezident Rusiyanın təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edir", - Kreml sözçüsü bildirib.

Peskov əlavə edib ki, Rusiya tərəfi ABŞ və Trampa Ukrayna ilə danışıqlar prosesinin başlanmasında göstərdikləri köməyə görə minnətdardır. Eyni zamanda, mətbuat katibinin sözlərinə görə, indi emosional gərginliklə bağlı kritik məqam qeydə alınır.

Tramp mayın 26-na keçən gecə Putinin Ukraynadakı hərəkətlərini tənqid edib. Ağ Evin rəhbəri Rusiyaya qarşı mümkün yeni sanksiyaların tətbiq oluna biləcəyini açıqlayıb. Bəyanat Rusiya hərbçilərinin Ukraynadakı hədəflərə irimiqyaslı zərbələr endirməsindən sonra verilib.

Gülayə Mecid