2024-cü ildə səhiyyə xərclərinə dövlət büdcəsindən ayrılmış 1866,4 milyon manat məbləğində vəsaitin aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 1828,8 milyon manatı və ya 98,0 faizi istifadə olunmuşdur ki, bu da proqnoza nisbətən 37,6 milyon manat və ya 2,0 faiz az, 2023-cü illə müqayisədə isə 106,7 milyon manat və ya 6,2 faiz çoxdur. Hesabat ilində səhiyyə xərcləri ÜDM-in 1,4 faizini, dövlət büdcəsi xərclərinin isə 4,8 faizini (2023-cü illə müqayisədə 0,1 faiz-bənd çox) təşkil edib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabatında qeyd olunub.
İstifadə edilmiş səhiyyə xərclərinin 74,8 faizi və ya 1368,0 milyon manatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin payına düşür ki, bu da 2023-cü illə müqayisədə 104,2 milyon manat və ya 8,2 faiz çoxdur. Həmin vəsaitin 1228,4 milyon manatı əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanmasına, 139,6 milyon manatı səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərinin icrası ilə bağlı xərclərə yönəldilib.
2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış əlavə olaraq 101,2 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, səhiyyə sahəsinə dövlət büdcəsi xərclərinin 5,1 faizi (2023-cü illə müqayisədə 0,2 faiz-bənd çox) həcmində və ya 1930,0 milyon manat məbləğində vəsait yönəldilmişdir ki, bu da 2023-cü illə müqayisədə 157,9 milyon manat və ya 8,9 faiz çoxdur.
Son 5 ildə, yəni 2020-ci illə müqayisədə 2024-cü ildə səhiyyə xərcləri 141,2 milyon manat və ya 8,4 faiz artıb.
Funksional təsnifata uyğun olaraq (dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış vəsait istisna olmaqla) səhiyyə xərcləri üzrə istifadə olunmuş vəsaitin 1601,8 milyon manatı (2023-cü illə müqayisədə 57,8 milyon manat və ya 3,7 faiz çox) və ya 87,6 faizi səhiyyə sahəsində digər xidmətlərə (ölkə ərazisində qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması, səhiyyə sahəsində ümumi xidmətlərin, dövlət proqramlarının və tədbirlərinin icrası və dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan əlavə daxil olmuş vəsaitlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri), 217,9 milyon manatı (2023-cü illə müqayisədə 43,9 milyon manat və ya 25,2 faiz çox) və ya 11,9 faizi xəstəxanaların saxlanılmasına (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan müəssisələri istisna olmaqla), 9,0 milyon manatı (2023-cü illə müqayisədə 4,9 milyon manat və ya 2,2 dəfə çox) və ya 0,5 faizi poliklinikaların, ambulatoriyaların saxlanılmasına və səhiyyə sahəsində tətbiqi tədqiqatlar üzrə xərclərə (TƏBİB-in tabeliyində olan tibb müəssisələri istisna olmaqla) yönəldilib.
Anar Kəlbiyev