Seçmə qaydada əhatə edilmiş qurumların məlumatlarının təhlili göstərir ki, hesabat ilində və əvvəlki illərdə dövlət büdcəsinin kassa icrasına aid olunmuş, lakin bank hesablarında qalmış xərc məbləğləri 500,0 mln. manatdan çoxdur.

"Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Qeyd edilib ki, bu məbləğin 150,0 mln. manatdan çoxu hesabat ilində dövlət əsaslı vəsait qoyuluşun və işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlər üzrə icra kimi göstərilib. Bundan əlavə, bəzi qurumlar üzrə hesabat ilinin əvvəlinə bank hesablarında qalıq məbləğ kimi qeydə alınmış vəsaitin həcmində hərəkətlilik (bank hesabındakı vəsaitin də icra edilməsi) müşahidə edilsə də, bu, bütün qurumlar üçün xarakterik olmayıb.

Rəydə bildirilib ki, 2024-cü il üzrə 3 dövlət proqramı üçün dövlət büdcəsində vəsait nəzərdə tutulsa da, 2024-cü il üzrə bu proqramlar üzrə vəsait icra edilməyib. 2024-cü ilin dövlət büdcəsi hesabına icra edilmiş dövlət proqramlarının (Dövlət İnvestisiya Proqramı) təqdim olunan siyahısında müddəti bitmiş iki proqrama 10 mln. manat və 2,8 mln. manat vəsait ayrılıb.

Anar Kəlbiyev