"Fövqəladə hallarla bağlı vəsaitin azlığı qeyd olundu. Fövqəladə halların öncədən proqnozlaşdırılması çox məhduddur. Növbəti il ərzində büdcənin icrası zamanı icra edilməyən vəsaitin məbləğinin çox olmaması üçün xüsusi olaraq böyük məbləğ ayrılmır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
"Lakin istənilən fövqəladə hallarla bağlı tədbirlər zamanı həm dövlət büdcəsinin ehtiyat fondundan, həm də Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan lazımı qədər, artıqlaması ilə vəsait ayrılır. Eyni zamanda bir qrup vəsait digər köməkçi bölmələrimizdən bu istiqamətə ayrıla bilir. Biz proqnozlaşdırıla bilinməyən hadisə ilə çox böyük məbləğin artırılmasını düşünmürük. İstənilən fövqəladə vəziyyətlə bağlı köməkçi bölmələrimiz və ehtiyat fondlarımız vasitəsilə ora vəsait ayıra bilirik", - deyə nazir bildirib.
Anar Kəlbiyev