Cari ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artaraq 1,1 milyard dollar təşkil edib.

"Unikal" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın may sayına istinadla bildirir ki, 2025-ci ilin yanvar-aprel aylarında yeyinti məhsullarının ixracı 12,1 faiz artaraq 300,8 milyon dollara bərabər olub.

İcmala əsasən, 2025-ci ilin yanvar-aprel aylarında ixrac olunan kimya sənayesi məhsulları ötən ilin müvafiq dövrünə nəzərən 35 milyon dollar və ya 42,5 faiz, şəkər 1,9 milyon dollar və ya 25,8 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 4,1 milyon dollar və ya 16,7 faiz, meyvə-tərəvəz 26,8 milyon dollar və ya 14,8 faiz, alüminium və ondan hazırlanan məmulatlar 6,1 milyon dollar və ya 9,8 faiz, pambıq iplik 360,9 min dollar və ya 5,3 faiz artıb.

Cari ilin ilk dörd ayında ixrac olunan aqrar məhsullar 14 faiz artaraq 232,7 milyon dollar, aqrar-sənaye məhsulları 7,9 faiz artaraq 90,8 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 12,2 faiz artaraq 323,6 milyon dollar təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (95,4 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (74,7 milyon dollar) ikinci, karbamid (63,5 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin aprel ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (30,2 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (30,16 milyon dollar) ikinci, pambıq (22,1 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

Cari ilin ilk dörd ayında Rusiya Federasiyasına 321,4 milyon dollar, Türkiyəyə 187,7 milyon dollar, Gürcüstana 105,8 milyon dollar, İsveçrəyə 100,5 milyon dollar, Ukraynaya isə 63 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Bu ilin aprel ayında Rusiya Federasiyasına 88,5 milyon dollar, Türkiyəyə 53,3 milyon dollar, İsveçrə 30,9 milyon dollar, Gürcüstan 25,1 milyon dollar, Qazaxıstan isə 14,2 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Yanvar-aprel ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi, UNİTED ALLİANCE GROUP LTD şirkətinin Azərbaycandakı filialı, “Baku Steel Company” QSC, “Avrora” MMC, P-AQRO MMC, “Export Stream” MMC, “Binə Aqro” QSC, “Sahdag Sy” MMC, “Lepın LM” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “AzərEnerji” ATSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Qaradağ Şüşə Zavodu” ASC.

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 40 ölkəsinə 5,6 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65 faizini təşkil edib. 2025-ci ilin aprel ayında isə “Azərkosmos” dünyanın 38 ölkəsinə 1,6 milyon dollar dəyərində xidmət ixrac edib.

2025-ci ilin yanvar-aprel ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,5 milyon dollar ilə Birləşmiş Krallıq, 1,2 milyon dollar ilə Lüksemburq, 255 min dollar ilə Nigeriya, 238,6 min dollar ilə Misir və 238,5 min dollar ilə Türkiyə qərarlaşıb.