28 May – Müstəqillik Günü münasibətilə Kanadanın paytaxtı Ottavada ölkə parlamentinin binası önündə Azərbaycan bayrağı ucaldılıb. Mərasim "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi və Kanada Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutub.

"Unikal" xəbər verir ki, tədbirdə Ottava, Toronto, Monreal və digər şəhərlərdə yaşayan Azərbaycan icmasının nümayəndələri, diaspor təşkilatlarının rəhbərləri və fəalları, Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbov, Türkiyə Cümhuriyyətinin Kanadadakı səfiri Can Dizdar və Kanada parlamentinin ilk türk əsilli deputatı Sima Acan iştirak edib.

Kanada Azərbaycan Evinin təmsilçisi Sevinc Quliyeva, deputat Sima Acan, səfir Can Dizdar və müvəqqəti işlər vəkili Vasif Abutalıbov Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizin müstəqillik tarixindən və onun əhəmiyyətindən danışıblar.

Tədbir bədii proqramla davam edib. “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri Azərbaycan rəqsləri və nağara ritmləri ilə çıxış ediblər. Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri isə vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Qeyd edək ki, 2023-cü ildə fəaliyyətə başlayan Kanada Azərbaycan Evi xaricdə mədəniyyətimizin, tariximizin, milli dəyərlərimizin yaşadılması və tanıdılması istiqamətində işlər görür.