Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Universitetlər və İşəgötürənlərin I Beynəlxalq Forumu keçirilib.
"Unikal" xəbər verir ki, forumda dövlət və özəl sektorların rəhbərləri, işəgötürənlər, yerli və xarici ekspertlər, elm adamları və digər qonarlaq iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Tədris üzrə prorektor dosent Gəray Musayev UNEC-in 95 illik yubileyi çərçivəsində keçirilən forumun məqsədinin universitetlərlə işəgötürənlər arasında əməkdaşlığı gücləndirmək və gənclərin əmək bazarına hazırlığını artırmaq olduğunu deyib. Prorektor UNEC-in bu istiqamətdə məqsədini açıqlayıb: “Müasir ali təhsilin əsas məqsədi tələbələri yalnız nəzəri biliklərlə deyil, praktik bacarıqlar və çevik düşüncə ilə iş həyatına hazırlamaqdır. UNEC “Auditoriyadan iş dünyasına” yanaşması ilə tələbələrin təhsilini real iş mühitinə uyğunlaşdırır”.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Ramal Quluzadə forumun əhəmiyyətinə diqqət çəkərək universitetlərlə iş dünyasının əməkdaşlığının məzunlarının məşğulluğu, onların əmək bazarının tələblərinə uyğun hazırlanması istiqamətində mühüm əhəmiyyət daşıdığını bildirib. O, UNEC məzunlarının məşğulluq göstəricisinin yüksək olduğunu vurğulayaraq, bu rəqəmin 2018-2022-ci illərin göstəricilərinə görə 63 faizdən çox olduğunu bildirib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov dünyada baş verən dəyişikliklərin ali təhsildə yeni yanaşmaları zəruri etdiyini vurğulayıb. O, UNEC-də “Qida təhlükəsizliyi” üzrə yüksək ixtisaslı peşəkar kadrların hazırlandığını diqqətə çatdıraraq, bu sahədə çalışanların böyük əksəriyyətinin məhz UNEC məzunları olduğunu deyib.
Azərbaycan-Türkiyə İş Adamları Birliyi İdarə heyətinin sədri Mürsəl Rüstəmov UNEC ilə ATİB arasındakı əməkdaşlıqdan söz açıb. Hər iki qurum arasında imzalanmış memorandum çərçivəsində uğurlu iş birliyinin həyata keçirildiyini deyən M.Rüstəmov forumun yeni əməkdaşlıqların qurulması istiqamətində mühüm platforma rolunu oynayacağından əminliyini ifadə edib.
MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli forumun universitetlərlə işəgötürənlər arasında əlaqələri gücləndirdiyini bildirib. MÜSİAD-la UNEC-in əməkdaşlıq çərçivəsində gördüyü işləri iştirakçıların diqqətinə çatdıran R.Cabirli UNEC-in əmək bazarının tələblərinə uyğun kadr hazırlığında aparıcı rol oynadığını qeyd edib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vuqar Oruc AQC-nin universitetlərlə iş birliyindən danışıb. Hər il UNEC-in 100-ə yaxın tələbəsinin AQC-də təcrübədə olduğunu və onların böyük əksəriyyətinin həmin şirkətlərdə əmək fəaliyyətinə başladığını bildirib.
Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov isə komitənin stukturu və işə qəbul qaydalarını, eləcə də UNEC məzunlarının komitədəki məşğulluq payını açıqlayıb: “DSK-da hazırda 357 nəfər UNEC məzunu çalışır. Onlardan 134 nəfəri komitənin aparatında müxtəlif vəzifələrdədir”.
Sonra PASHA Holding şirkətinin direktor müavini Ad Boon “İşin gələcəyi”, Macarıstan Milton Fridman Universitetinin prorektoru dos.Piter Satmari “İqtisadi təhsildə innovasiya: UNEC və Milton Fridman Universiteti arasında əməkdaşlıq imkanları”, Macarıstanın Miskolc Universitetinin Elmi işlər və beynəlxalq əlaqələr direktorluğunun koordinatoru Burak Akın “Macarıstanda təhsil: Təqaüdlər və İmkanlar” mövzularında təqdimatlarla çıxış ediblər.
Forumun sonunda UNEC-in Təcrübənin Təşkili şöbəsinin müdiri Leyla Nəzirzadə şöbənin fəaliyyəti və həyata keçirilən layihələr haqqında məlumat verib. O, forumun nəticələrinin universitetlə şirkətlər arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına, tələbələr üçün təcrübə və iş imkanlarının artırılmasına, həmçinin təhsil və təcrübə proqramlarının əmək bazarının tələblərinə uyğun olaraq yenilənməsinə böyük töhfə verəcəyini vurğulayıb.
Çıxışlardan sonra forum hibrid formada panel müzakirələrlə davam edib. Panellərdə əsas müzakirə mövzuları “Təhsil və karyera uyğunluğu – universitetlər və işəgötürənlər arasinda dialoq”, “Şəbəkələşmə və təcrübə mübadiləsi”, “Əmək bazarinda inklüzivlik və əlçatanliq”, “Gündəlik iş prosesində sünu intellek alətlərindən istifadə”, “İnsanların idarə edilməsi və motivasiya tədbirləri”, “Gənclərin iş dünyasına hazırlığında Karyera mərkəzlərinin rolu” olub.