Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Məlumata görə, mayın 25-də saat 22:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı tərəfindən dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar olunmuşdur. Sərhəd zastavası dərhal “Silaha” komandasına qaldırılaraq xidməti ərazi qapadılmış, Rusiya Federasiyasının sərhəd nümayəndəliyi məlumatlandırılmışdır. Dövlət sərhədini pozmağa cəhd edərkən Samur çayının təhlükəli relyefi və güclü axınında köməksiz vəziyyətdə qalaraq həyati təhlükə ilə üzləşən sərhəd pozucularının xilas edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, sərhədçilərin peşəkar müdaxiləsi nəticəsində onların təxliyəsi mümkün olmuşdur. Saxlanılan şəxslərin Pakistan Islam Respublikası vətəndaşları – 1975-ci il təvəllüdlü Begüm Raqia, 1991-ci il təvəllüdlü Ahmed Suleyman, 2000-ci il təvəllüdlü Sumera Süleyman Ahmed, 2021-ci il təvəllüdü Suleman Muhammed Sultan, 2022-ci il təvəllüdlü Skender Muhammed Sultan olduğu müəyyənləşdirilmişdir. Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilmişdir.