"Bir varlının evində xidmətçi işləyən Səfər kişi bazarlıq edib doldurduğu, amma içindəkilərin dadına baxa bilmədiyi bazar çantasının dibindəki çekdə olan ƏDV-dən geri qayıda biləcək qəpik-quruşu öz ucuz telefonundakı tətbiq vasitəsilə götürmək istəyirsə, burada hansı qanun pozuntusu var?"
"Unikal" xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov deyib.
"Bildirilir ki, artıq yalnız öz adına alınmış qəbzlə “ƏDV Geri Al” istifadə etmək olar, başqasının qəbzindən yararlanmaq olmaz. Bu məhdudiyyətin səbəbi kimi bəzi hallarda insanların başqasının qəbzini öz adlarına vuraraq sistemdən əlavə pul çıxarmağa çalışması göstərilir. Amma məncə, məsələnin kökündə təkcə bu sui-istifadə hallarına qarşı tədbirlər deyil, daha böyük iqtisadi və vergi siyasəti prinsipləri dayanır.
Bəs niyə “ƏDV Geri Al” prinsiplərində belə dəyişikliklər olanda insanlar adi qarşılamır, şikayət edir? Səbəb odur ki, bu layihə 2020-ci ildə işə salınanda bəzi media və bəzi rəsmi şəxslər bunu vətəndaşlara sevgi və qayğı jesti kimi tirajlayırdı. İndi dəyişiklik olanda, vətəndaş da deyir ki, axı bunu məni sevdiyin üçün etmişdinsə, indi sevgin azaldı?
Amma o vaxt da açıq şəkildə demişdim ki, burada 100 məqsəd varsa, bunun 99-u vergi siyasətinə bağlıdır.
Layihənin mahiyyəti sadə idi: bəzi sahələrdə, xüsusilə vergi uçotunun zəif olduğu yerlərdə vətəndaşların (alıcıların) iştirakı ilə prosesi rəsmləşdirmək, kölgə iqtisadiyyatını azaltmaq və vəsaitləri büdcəyə yönəltmək. Vətəndaşa geri qaytarılan 5-15%-lik vəsait isə sadəcə stimullaşdırıcı vasitə idi. Ən bəsit izahı belə idi: “Sən sahibkarın məni aldatmaması üçün yardım edəcəksən və mən də topladığım vəsaitdən kiçik bir hissəni sənə geri qaytaracam”.
İndi zaman keçir, ödənişlər kifayət qədər şəffaflaşıb. Görünür ki, artıq “ƏDV Geri Al” layihəsi çərçivəsində geri qaytarılan vəsaitin həcmi, onun cari vəziyyətdə qazandırdığı əlavə yığıma nisbətdə o qədər də sərfəli deyil. Bu mexanizm cəmiyyətdə vergi intizamını müəyyən qədər qaydaya salıb, kölgə iqtisadiyyatını azaltmağa kömək edib. 2023-cü ildə istehlakçılara 154 milyon manat, 2024-cü ildə isə 176 milyon manatdan çox vəsait geri qaytarılıb. Göründüyü kimi, məbləğ artmaqdadır. Amma “176 milyon manat geri qayıdanda büdcəyə nə qədər əlavə vergi daxil olur?” sualının cavabı yoxdur. Çünki bunu dəqiq hesablamaq üçün alqoritm yaratmaq mümkün deyil, yalnız sahələr üzrə vergi daxilolmalarında artım dinamikasına uyğun müəyyən təhlillərlə təxmini fikir söyləmək olar.
Beləliklə, “ƏDV Geri Al” prinsipi bir müddət vergi daxilolmalarını artırır, amma həmin müddətdən sonra prinsiplər dəyişməsə, vergi siyasətinə verdiyi fayda itkiləri üstələməyə başlayır. Odur ki, bu layihə onsuz da bir gün sona çatacaq. İndiki məhdudiyyətlər isə layihənin artıq əvvəlki qədər zəruri olub olmamasına dair suallar yaradır. Ən əsası: bu layihə heç vaxt vətəndaşa verilmiş “səxavət” deyildi, indi onun ləğvi də vətəndaşdan nəyinsə “geri alınması” deyil. Çünki “ƏDV Geri Al” sosial layihə deyil, peşəkar vergi nəzarəti alətidir. Bu fakt başa düşməli və tərif edən də, tənqid edən də qiymətləndirmələri də bu reallıq üzərindən aparmalıdır.
Onsuz da bu layihə son 10 ilin ən uğurlu innovativ təşəbbüslərindən biri idi. Sadəcə, istənilən bir qurum öz fəaliyyət sahəsi üzrə hansısa dəyişikliklər edəndə, bunun əsl səbəbini ictimaiyət üçün tam şəffaf və düzgün ifadə etməlidir ki, korreksiyalara ehtiyac yaranan zaman insanlar bunu anlayışla qarşılasın.
Əlqərəz, “ƏDV Geri Al” layihəsi adından da göründüyü kimi bir layihədir. Layihənin isə “konsepsiya”sı, “planlaşdırılma”sı, “icra”sı, “monitorinq”i və “bağlanış”ı, yəni sonu olur. Odur ki, bu layihəyə sadəcə dövri fürsət kimi baxmaq lazımdır. Onsuz da 5-10 il sonra atalar oğullarına belə deyəcək: "Vaxt vardı, biz çek yığırdıq", deyə o əlavə edib.