Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) elmi tədqiqat potensialını daha da gücləndirmək və beynəlxalq elmi ictimaiyyətdə Azərbaycan elminin nüfuzunu artırmaq istiqamətində ardıcıl addımlar atmaqdadır. Bu istiqamətdə atılan növbəti mühüm addım Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) ilə birgə təşkil olunan onlayn görüş olub.
"Unikal" xəbər verir ki, AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədovanın təşəbbüsü və DAAB İdarə Heyətinin sədri, eyni zamanda AzMİU rektorunun müşaviri professor Məsud Əfəndiyevin təşkilatçılığı ilə keçirilən görüşdə AzMİU-nun elmi-tədqiqatla məşğul olan alimləri və xaricdə fəaliyyət göstərən azərbaycanlı elm adamları iştirak ediblər.
Görüşün əsas məqsədləri:
AzMİU-da elmi tədqiqat fəaliyyətini gücləndirmək;
Nüfuzlu, impakt faktorlu beynəlxalq elmi jurnallarda çap olunmanı stimullaşdırmaq;
Xaricdəki azərbaycanlı alimlərlə AzMİU tədqiqatçıları arasında faydalı və davamlı əməkdaşlıq platforması formalaşdırmaq;
Azərbaycan elminin beynəlxalq miqyasda daha layiqli təmsil olunmasına töhfə vermək olub.
Görüş zamanı iştirakçılar bu məqsədlərə dair istiqamətlər üzrə dəyərli təkliflərlə çıxış ediblər. Qaldırılan ideyalar və irəli sürülən təkliflər toplanaraq reallaşdırılması üçün icraya götürülüb.
Çıxışlar zamanı bildirilib ki, bu təşəbbüs AzMİU-nun tədqiqat yönümlü universitetə çevrilməsi strategiyasının uğurla həyata keçirildiyini bir daha nümayiş etdirir. AzMİU ölkənin aparıcı elmi mərkəzlərindən biri kimi formalaşmaqda, beynəlxalq elmi aləmdə mövqeyini gücləndirməkdədir. Universitetin malik olduğu güclü elmi potensial, elmi əməkdaşlıq təşəbbüslərinə açıq yanaşması və innovativ tədqiqat mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar bu prosesin əsas hərəkətverici qüvvəsidir. Qeyd olunub ki, bundan sonra da elmin inkişafı naminə yerli və xarici alimlərlə əməkdaşlığını genişləndiriləcək, gənc tədqiqatçıların dəstəklənməsi və beynəlxalq elmi bazalarda təmsilçiliyin daha da artırılması prioritet vəzifə kimi davam etdiriləcək.