30 may 2025-ci il tarixdə Ağdam Muğam Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının və Ağdam rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam rayon Təhsil sektorunun müdiri Tahir Abbasov, rayonun ümumtəhsil məktəblərində təhsil alan şəhid və qazilərin, aztəminatlı ailələrin övladları və təhsil aldıqları məktəblərdə yüksək nailiyyət göstərmiş şagirdlər iştirak etmişlər. Əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov gənc rəssamların əl işlərindən ibarət rəsm əsərlərinə baxış keçirmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir. Çıxış edən RİH başçısı Vaqif Həsənov uşaqların bayramını təbrik edərək ölkəmizdə uşaqlara dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilməsindən, azyaşlıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmasından, həmin siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs etmişdir. Tədbirin gedişində “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, Ağdam Musiqi Kollecinin müəllimlərinin və rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin kollektivlərinin ifasında müxtəlif musiqi nömrələri və "Turaci" rəqs qrupunun rəqs nömrələri tədbir iştirakçılarına təqdim edilmişdir. Tədbirin sonunda təhsildə yüksək nailiyyətlər əldə etmiş, həmçinin aztəminatlı ailələrdən olan  bir qrup şagird RİH başçısı Vaqif Həsənov tərəfindən mükafatlandırılmışdır.