Azərbaycanda FIFA hakimlərinin sayı artırıla bilər.

"Unikal" xəbər verir ki, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker qurumun rəsmi saytına müsahibəsində deyib.

Belçikalı funksioner dörd beynəlxalq dərəcəli hakimin olmasını təmin etmək üçün əlindən gələni edəcəyini bildirib: “Tural Qurbanov UEFA-nın CORE layihəsinə daxil edilib. FIFA referisi olmayan gənc və perspektivli hakimlər bu layihə çərçivəsində şəxsi məşqçidən təcrübə qazanmaq imkanı əldə edirlər. Yan xətt hakimi Asiman Əzizli də UEFA CORE layihəsində iştirak edir”.

Elçin Məsiyevin UEFA-nın I kateqoriyasına yüksəlməsinə də toxunan De Blekerin sözlərinə görə, bu istiqamətdə böyük irəliləyiş var: “Azərbaycan tarixində ilk dəfə UEFA-nın I kateqoriyasında iki hakimimiz var - Əliyar Ağayev və Elçin Məsiyev. Məsiyev I kateqoriyaya ötən ilin dekabrında yüksəldi, iyunda Slovakiyada keçiriləcək U-21 Avropa çempionatının final mərhələsinə təyinat aldı. Bu, UEFA-nın ən böyük ikinci turniridir. Məsiyev iki köməkçisi (Elşad Abdullayev və Pərvin Talıbov) ilə birlikdə bacarıqlarını göstərəcək. Üçüncü FIFA referimiz Kamal Umudlu hazırda Albaniyada davam edən U-17 Avropa çempionatında hakimlik edir. O, qrup mərhələsində Albaniya - Almaniya matçını idarə etdi. Bunlar Kamal Umudluya UEFA-nın müsbət siqnallarıdır. Ən təcrübəli FIFA hakimimiz Əliyar Ağayev isə UEFA tərəfindən Çempionlar Liqasının iki oyununa təyin olundu. İyunda da dünya çempionatının seçmə mərhələ matçında hakimlik edəcək”.