1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Rabitəbank" sosial məsuliyyət və ailə dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirib. Bank tərəfindən gələcəyin təminatçısı olan uşaqların maariflənməsi və sağlam cəmiyyətin qurulması istiqamətində silsilə tədbirlərdən ibarət layihə gerçəkləşdirilib.

"Unikal" xəbər verir ki, bankın təşəbbüsü ilə həyata keçirilən layihənin əsas məqsədi – uşaqların maliyyə savadlılığını artırmaqla yanaşı, onlarda sahibkarlıq ruhunu formalaşdırmaq, paylaşma və sosial məsuliyyət kimi dəyərləri aşılamaq olub. İki mərhələdən ibarət olan bu təşəbbüs, həm öyrədici, həm də mənəvi baxımdan zəngin bir təcrübə yaradıb.

Layihənin ilk mərhələsində "Rabitəbank"ın əməkdaşlarının övladları üçün maliyyə savadlılığı üzrə xüsusi təlim keçirilib. Uşaqlar interaktiv oyunlar, real həyat simulyasiyaları və əyləncəli tapşırıqlar vasitəsilə pulun idarə olunması, qənaət, büdcə planlaması və düzgün xərcləmə kimi həyati vacib bacarıqları öyrəniblər.

İkinci mərhələdə uşaqlar qazandıqları bilikləri təcrübədə tətbiq edərək “Möcüzə Yarmarkası”nda iştirak ediblər. Bankın əməkdaşlarına öz hazırladıqları əl işlərini və məhsulları təqdim edən balacalar, satış bacarıqları, müştəri məmnuniyyəti və təşəbbüskarlıq prinsiplərini praktik şəkildə öyrəniblər. Bu təcrübə, onların azyaşlı sahibkarlar kimi özlərinə olan inamını artırıb.

Layihənin ən təsirli məqamlarından biri isə uşaqların və valideynlərinin əldə olunan gəlirin bir hissəsini uşaq sığınacağında yaşayan həmyaşıdları üçün hədiyyələr almağa sərf etməsi olub. Bu jest, layihənin yalnız iqtisadi deyil, eyni zamanda mənəvi və sosial dəyər daşıdığını bir daha göstərib. Uşaqlar paylaşma və sosial məsuliyyət hissini real həyatda tətbiq edərək cəmiyyətə faydalı fərdlərə çevrilmək yolunda ilk addımlarını atıblar.

Rabitəbank hər zaman gələcək nəsillərin həm maliyyə biliklərini, həm də mənəvi dəyərlərini eyni zamanda inkişaf etdirmək istiqamətində sadiqliyini qoruyur. Buna görə də bank təhsil təşəbbüslərində uşaqlara maliyyə bacarıqları ilə yanaşı, həm də sosial məsuliyyət hissini aşılayan layihələr həyata keçirir. Bank gələcəkdə də bu istiqamətdə innovativ və təsirli proqramlar icra edərək, cəmiyyətin inkişafına və daha güclü nəsillərin yetişməsinə töhfə verməkdə davam edəcək.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.