Bu gün UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulacaq.

"Unikal" xəbər verir ki, turnirin final oyununda Fransanın PSJ və İtaliyanın "İnter" komandaları üz-üzə gələcək.

Almaniyanın Münxen şəhərindəki "Alyans Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü Macarıstan əsilli rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

Həlledici oyun öncəsi Paris klubunun heyətində itki yoxdur. Milan təmsilçisinin isə iki futbolçusu final matçını buraxacaq. Argentinalı oyunçular - Xoakin Korrea və Valentin Karboni zədə səbəbindən vacib matçda komandaya kömək edə bilməyəcəklər.

Qeyd edək ki, yarımfinalda PSJ İngiltərənin "Arsenal" klubunu, "İnter" isə İspaniyanın "Barselona" komandasını mübarizədən kənarlaşdırıb.