Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Benilüks ölkələrinə səfəri çərçivəsində Lüksemburq Böyük Hersoqluğundakı Azərbaycan icması ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsinin yad olunması ilə başlayıb.
Komitə sədri soydaşlarımız arasında əlaqələrin şaxələnməsini təşviq edən layihələr barədə məlumat verib, diasporumuzun informasiya müharibəsindəki strateji rolu, doğru mövqeyi və milli dəyərlərə sadiqliyi barədə danışıb. Bildirib ki: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətinin nəticəsində xaricdəki Azərbaycan icmaları öz fəaliyyətlərini yeni və müasir çağırışlara uyğun qurub, ölkəmizin nüfuzunun artırılmasını əsas hədəflərinə çeviriblər”.
Azərbaycan Respublikasının Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov çıxışında Lüksemburqda icma görüşünün keçirilməsini təqdir edib, diaspor fəalliyyətindəki müsbət dinamikanı yüksək qiymətləndirib, son illər soydaşlarımızın diaspor quruculuğuna böyük maraq göstərdiklərini vurğulayıb.
Azərbaycan və Lüksemburq Dostluq Assosiasiyasının (“LuxAz”) təsisçisi Seymur Əhmədov assosiasiyanın fəaliyyəti haqqında geniş məlumat verib, Lüksemburqdakı soydaşlarımıza göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.
Görüşdə icmanın fəaliyyətinin müxtəlif aspektləri müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. İcma üzvləri diasporun inkişafına yönələn təşəbbüslər, bilik və təcrübə mübadiləsi, icma üzvləri arasında əlaqələrin dərinləşməsi ilə bağlı təkliflər səsləndiriblər.
Sonda Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Lüksemburq üzrə koordinatoru seçilib.