“Konstitusiya və Suverenlik” ili çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbində bayram tədbiri keçirilib. Gələcəyimizin təminatçısı olan uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsi olan bu tədbir balacalara əsl bayram sevinci yaşadıb.

"Unikal" xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təşkilatçı qurumların rəhbərləri, şəhid ailələri və uşaqlar iştirak ediblər.

Tədbirdən əvvəl məktəbin həyətində Şirvan-Salyan Regional təhsil, mədəniyyət, gənclər və idman idarələrinin yerli qurumları tərəfindən təşkil olunmuş uşaqların nümunəvi idman çıxışlarına, kitab və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Şagirdlər üçün maraqlı və maarifləndirici bu guşələr tədbir iştirakçılarının böyük marağına səbəb olub. Sonra tədbir məktəbin akt zalında davam edib.    

İlk öncə Ümummili Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Daha sonra Uşaq İncəsənət Məktəbinin istedadlı şagirdləri musiqi nömrələri ilə çıxış edərək öz bacarıqlarını nümayiş etdiriblər. Onların ifasında səslənən musiqilər tədbirə toplaşanlara unudulmaz anlar yaşadıb.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək uşaqları və onların valideynlərini bayram münasibətilə təbrik edib. O, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından danışaraq bildirib ki, hər bir uşağın sağlam və hərtərəfli inkişafı üçün bütün zəruri şərait yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaqlara daim xüsusi qayğı göstərilir. Dövlət səviyyəsində həyata keçirilən sosial layihələr, təhsil və mədəniyyət sahələrində yaradılan imkanlar bu diqqətin ən gözəl ifadəsidir. Uşaqların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsi dövlətimizin sosial siyasətinin mühüm prioritetlərindəndir.
Çıxışdan sonra bir qrup şagirdə fəal iştiraklarına görə Neftçala Rayon İcra Hakimiyyəti başçısının təşəkkürnamələri təqdim olunub.

Bu cür tədbirlər uşaqların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onların sosiallaşmasına, yaradıcılıqlarının inkişafına və vətənpərvərlik ruhunda tərbiyəsinə böyük töhfə verir.