Suriyaya hərbi müdaxilə təhdidi gerçəkləşir
11:57 30-08-2013
CƏMİYYƏT
Suriyaya hərbi müdaxilə təhdidi gerçəkləşir
Ərəb baharlarının içində ən təhlükəlisi Suriya prosesləri oldu. Bu təhlükə bölgədə marağı olan beynəlxalq güclərin prinsipal şəkildə davranmasından qaynaqlanır.
Məlum olduğu kimi, artıq Birləşmiş Ştatlar və İngiltərə bu ölkəyə hərbi müdaxiləyə hazırlaşır. İranın ali dini lideri Əli Xamenei isə Qərb dövlətlərinin Suriyaya hərbi müdaxilə edəcəyi təqdirdə bunun bütün region üçün faciəvi nəticələrə gətirib çıxaracağını bildirib. O, Yaxın Şərqin hazırda barıt anbarını xatırlatdığını bildirib.
Xamneini başa düşmək olar. Çünki Suriyada Əsəd rejimi çökəndən sonra nişangaha İran gələcək.
Müstəqil politoloq Qabil Hüseynlinin "Unikal"a bildirdiyinə görə, "Suriyaya hərbi müdaxilə artıq qaçılmaz bir addıma çevrilib və bu proses hökmən baş verəcək. Bu ölkədə baş verən qanlı olaylar sübut etdi ki, Bəşər Əsəd ərəb diktatorlarının içində ən qanlı başçı imiş. Buna görə də onun aqibəti Liviya diktatoru Qəddafinin aqibətindən daha pis olacaq".
Politoloqun sözlərinə görə, "Hərbi müdaxilə baş tutacağı təqdirdə Suriyanın etnik zəmində parçalanması ehtimalı çox güclüdür. Hazırda orada bu baxımdan ən fəal qüvvələr kürdlər və türkmənlərdir. Kürdlər cəhd edirlər ki, İraqda olduğu kimi, müdaxilədən sonra muxtariyyət əldə etsinlər. Buna görə də Türkiyə bu dəfə çevik davranmalı və İraqa müdaxilə zamanı buraxdığı bağışlanmaz səhvi Suriyada buraxmamalıdır. Türkiyə İraqa girən dövlətlərin içində olsaydı, bu gün İraqın şimalında kürd muxtariyyəti olmazdı. Bu muxtariyyət forma olaraq bağdada tabe olsa da, mərkəzlə qətiyyən hesablaşmır, ərazidəki türkmənlərə qarşı soyqırmı yürüdür, müstəqil neft siyasəti aparır. Ona görə də Türkiyə bu dəfə qorxaq davranmamalıdır".
Politoloqun fikrincə, "Suriyaya müdaxilə uzun zaman aparmayacaq və İraqla müqayisədə xərci də xeyli az olacaq. Faktiki olaraq, İranla Rusiya bu müdaxilənin qarşısını almaq iqtidarında deyil".
Ölkənin digər tanınmış politoloqu Mübariz Əhmədoğlu isə hesab edir ki, Suriyaya hərbi müdaxilənin gündəmə gəlməsinə hələ çox var. Fikirlərini "Unikal"la bölüşən politoloqun fikrincə, "İndiki vəzyyətdə Suriyaya hərbi müdaxilənin açarı Türkiyənin əlindədir. Türkiyə bu prosesə razılıq verməsə, Qərbin niyyətləri baş tutmayacaq. Məsələ burasındadır ki, Türkiyə ərəb dövlətləri ilə əhatə olunub və onun ehtimal edilən hərbi müdaxilədə iştirakı ərəb dövlətlərinin kəskin reaksiyasına səbəb olacaq".
Politoloqun müşahidəsinə görə, "Qərbin Suriyaya hərbi müdaxiləsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası səviyyəsində sanksiyalaşdırılmalıdır. Bu sanksiyanın verilməsi üçün isə Əsədin əmri ilə müxalif qüvvələrə qarşı kimyəvi silahdan istifadə edilməsi sübut olunmalıdır. Lakin Suriyada ezamiyyətdə olan BMT ekspertlərinin ilkin müayinəsindən sonra əvvəllər kəskin çıxışlar edən Pan Gi Mun hazırda diplomatik üsulların tükənmədiyindən danışmağa başlayıb. Buna görə də hesab edirəm ki, Suriyaya hərbi müdaxilə ətrafında yaradılan ajiotajın ciddi əsası yoxdur".
Politoloq hesab edir ki, Suriya proseslərinin nizamlanmasında Türkiyə diplomatik fəallığı əldən buraxmamalıdır.
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06