20 ilin həsrəti - Qubadlısız Azərbaycan
13:32 31-08-2013
İQTİSADİYYAT
20 ilin həsrəti - Qubadlısız Azərbaycan
Coğrafi mövqeyinə və təbii sərvətlərinə görə Azərbaycanın qərb rayonları içində xüsusi çəkisi olan bu rayon həm də mərd, səxavətli insanları ilə ölkədə ciddi nüfuz qazanıb
Hər dəfə hansısa rayonumuzun işğalından filan qədər ötdüyü barədə yazarkən böyük bir ümid baş qaldırır içimizdə: İlahi, kaş ki, bu yazılar bir ənənəyə çevrilməsin. Qubadlının, Zəngilanın, Laçının, Kəlbəcərin, Xankəndinin erməni işğalından azad edilməsinin birinci, ikinci ... və yüzüncü ildönümlərini qeyd etməyə başlasın bu xalq...
Qubadlı rayonu Dağlıq Qarabağ müharibəsində mühüm strateji önəm daşıyırdı və bu rayonun işğal edilməsi erməni-rus hərbi birləşmələrinin baslıca hədəflərindən biri idi.
Coğrafi mövqeyinə və təbii sərvətlərinə görə Azərbaycanın qərb rayonları içində xüsusi çəkisi olan bu rayon həm də mərd, səxavətli insanları ilə ölkədə ciddi nüfuz qazanıb. Uca dağları, şiş qayaları, sərin bulaqları, gözəl meşələri, gur çayları, münbit torpağı olan Zəngəzur mahalının qədim yaşayış məskəni Qubadlı 1993-cü il avqustun 31-də işğal olundu. 1988-ci ildən bu torpaq uğrunda qəhrəmancasına vuruşan, yüzlərlə şəhid verən Qubadlının 30 mindən çox əhalisi məcburi köçkün həyatı yaşamağa məhkum edildi.Ermənistanın iki rayonu ilə (Qafan və Gorus) həmsərhəd olan bu rayonun əhalisinin uzun illər alın təri və zəhmətlə topladıqları var-dövlət, yaratdıqları imarətlər, yollar, körpülər, bir sözlə, hər şey ermənilər tərəfindən dağıdıldı, talan olundu. Əldə olunan video görüntülər bir daha təsdiq edir ki, işğalçılar o torpaqda daşı-daş üstdə qoymayıblar.Evləri söküb, son daşına qədər aparıbar.Qubadlı, həqiqətən, viran edilmişdir.Amma qubadlılar elə bu elin quruca torpağına qayıtmağa belə razıdırlar.Onlar mətin iradəli, məğrur, əyilməz insanlardır.Və elə günü bü gün Ali baş komandan səfərbərlik elan etsə, ön cərgədə qubadlıların dayanacağına heç bir şübhə yoxdur.Qubadlılar müharibənin dəhşətli illərində düşmənə baş əymədilər.Bu gün bu rayondan 12 Milli Qəhrəman var. Qubadlı rayonu bu döyüşlərdə yüzlərlə şəhid vermişdir. Onların ruhu qarşısında baş əyirik!
Qubadlının işğalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, "Dənizdən dənizə böyük Ermənistan" yaradılması daşnaq ideoloqlarının çoxillik sərsəm xülyalarının tərkib hissəsi idi.1993-cü ilin iyul-avqust aylarında bütün cəbhəboyu erməni hücumlarının miqyası genişləndirildi.Bir-birinin ardınca Ağdam, Füzuli və Cəbrayıl rayonları işğal edildi. Bu rayonların boşalması Qubadlını faktiki olaraq, mühasirə vəziyyətinə saldı. Avqust ayı ərzində həm Ermənistan, həm də Laçın istiqamətindən hücumlar gücləndirildi. Avqustun 30-da Həkəri çayı boyu kəndlərə atılan mərmilərin ardı-arası kəsilmirdi. Günün ikinci yarısından başlanan yayım atəşi isə insanların son ümidini də qırdı. Həmin gecə Xanlıq kəndinə qədər olan bütün kəndlər ermənilərin əlinə keçdi. Səhəri gün isə tamamilə mühasirəyə düşən Qubadlının geri çəkilməkdən başqa çarəsi qalmadı.
Rayon Təhsil Şöbəsinin keçmiş əməkdaşı Fazil Şahverdiyev deyir ki, ətraf rayonlar işğal olunandan sonra Qubadlı tam mühasirədə idi. Həmsöhbətim bildirir ki, onu ağrıdan həm torpaq itkisi, həm də həlak olan həmkəndlilərini döyüş meydanından götürə bilməmələridir: "Məsələn, Cavanşir Rüstəmov Xanlıq kəndində qəhrəmanlıqla həlak oldu. Elə orda da qaldı, götürə bilmədik. İldırım kişi qaldı, Qaçaq Nəbinin həyat yoldaşı Həcər xanımın nəvəsi Mollu-Mərdanlı kəndləri arasında sonacan müqavimət göstərdi və elə döyüş meydanında qaldı". Amma Fazil Şahverdiyev deyir ki, ötən illərdən fərqli olaraq onda əminlik yaranıb ki, öz doğma yurdlarına qayıdacaqları gün çox da uzaqda deyil. Deyir ki, ölkə başçısının bu məsələdən əminliklə danışması ona belə bir ümid verib.
1993-cü il avqustun 31-də Azərbaycanın Qubadlı rayonu bütünlükdə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 826 kvadrat kilometr ərazisi olan rayonunun işğal ərəfəsində əhalisi 30 mindən çox olub. Qubadlı uğrunda gedən döyüşlərdə 54 yerli sakin həlak olub.
Bu işğal nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəb, 10 mədəniyyət evi, 24 klub, 1 tarix - diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb. 31. 364 nəfər öz yurd-yuvasını tərk etməyə məcbur qalıb. Ümumilikdə bu döyüşlərdə 230 nəfər şəhid olub. Lakin itkilər yalnız bununla bitmir. Rayon ərazisində 23-ə yaxın mağara və IV və V əsrə aid 3 qalanın taleyi bu günədək məlum deyil. Bundan əlavə Qubadlının işğalı nəticəsində 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumtəhsil məktəbi, 10 mədəniyyət evi, 21 klub, 1 tarix- diyarşünaslıq muzeyi və 60 kitabxana ermənilər tərəfindən dağıdılıb. İşğaldan sonra BMT Təhlükəsizlik Şurası 874 saylı qətnaməsi ilə zəbt olunmuş torpaqlardan qoşunların çıxarılmasını tələb etsə də, Ermənistan hökuməti indiyədək buna məhəl qoymur.
Hazırda rayon əhalisinin çox hissəsi Bakı və Sumqayıt şəhərlərində məskunlaşıb. Rayon əhalisinin 21,1 min nəfəri əmək qabiliyyətlidir. Son illər ardıcıl görülən tədbirlər nəticəsində iqtisadi fəal əhalinin 10.532 nəfərinin, yaxud 49 faizinin məşğulluğu təmin edilmişdir. Bu, respublika göstəricisindən xeyli yüksək olsa da (respublika üzrə 35 faizə yaxın) rayonda işsizlik problemi yenə də qalmaqdadır.
2000-ci ildən sonra iş yerini özlərindən asılı olmadan itirənlərin sayı 432 nəfər azalsa da, bunların ümumi sayı 1462 nəfər, başqa sözlə, əmək qabiliyyətli iqtisadi fəal əhalinin 7 faizi qədərdir.
Rayonlarda məskunlaşan köçkünlərin Bakı və Sumqayıt şəhərlərinə, Abşeron rayonunun yaşayış məntəqələrinə miqrasiyası müşahidə olunur. Bu meyl əsasən kənd rayonlarında torpaqların yerli əhali tərəfindən özəlləşdirilməsi ilə bağlı köçkünlərin kənd təsərrüfatı ilə məşğul ola bilməməsinin nəticəsidir.
Rayonlarda məskunlaşan 4085 nəfərin 1965 nəfəri, yaxud 48%-i son illərdə Bakı və Sumqayıt şəhərlərinə miqrasiya etmişdir.
Təhlil göstərir ki, rayonun köçkün əhalisinin orta aylıq əmək haqqı 228 manat təşkil etməklə, respublika göstəricisindən 64 manat aşağıdır. Bu da köçkünlərə humanitar köməklik göstərilməsi zərurətini yaradır.
Qeyd edilmişdir ki, rayon üzrə 31600 nəfər məcburi köçkünün kommunal xərcləri dövlət tərəfindən ödənilir. Hər ilin əvvəlində kommunal xərcləri ödəniləcək ailələrin siyahısı tərtib edilərək müvafiq orqanlara göndərilir. Məcburi köçkünlərin su, işıq, qaz və digər kommunal xərclərlə bağlı problemi yoxdur. Bununla belə, verilmiş imtiyazlardan israfçılıqla istifadə edilməməsi, su, qaz, elektrik enerjisi sərfinə ayrılmış limitin gözlənilməsi üçün əhali ilə müntəzəm iş aparılır.
Sayğacların qoyulması rayonların yerli strukturları tərəfindən aparılır. Bu sahədə problem yarandığı hallarda rayonun müvafiq strukturları işə müdaxilə edir və operativ qaydada həmin problem həll edilir.
Bu dərs ilində istifadəyə verilən daha 2 yeni, əsaslı təmir olunan 3 məktəb, bütövlükdə, təhsil sisteminin maddi bazasının imkanlarını daha da artırmışdır.
Rayonda ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği ilə bağlı ardıcıl iş aparılır. Ümummilli liderin Qubadlı rayonu ilə bağlı fikirləri, görüşləri, fotoşəkilləri və digər tarixi sənədləri toplamaq, maarifləndirmə işində istifadə etmək üçün 19 nəfərdən ibarət tədqiqat qrupu yaradılmışdır.
Rayonda yaz mövsümündə 1163 ədəd ağac əkilmişdir. Payız mövsümündə isə 1006 ağacın əkilməsi nəzərdə tutlmuşdur. Bütün bunlar bir daha təsdiq edir ki, Qubadlı əhalisinə zəruri qayğı göstərilir. Ancaq Qubadlı torpağı bu gün düşmən tapdağı altındadır. O torpaqda babalarımızın qəbirləri uyuyur, tarixi abidələrimiz yerlə-yeksan olunub. Neçə-neçə günbəzlər, körpülər, məscidlər, türbələr işğalçı ermənilər tərəfindən tamamilə məhv edilib.
Dövlət başçımız İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət məcburi köçkünlərdə, o cümlədən qubadlılarda nikbin əhval-ruhiyyə yaradıb. Onlar yaxın illərdə torpaqlarımızın azad olunacağına inanır və səbirsizliklə "Böyük qayıdış"ı gözləyirlər.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40