5 İyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə "Qırmızı Ürəklər Fondu"nun və "Kapital Bank"ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti “Sıfır Tullantı” həmrəylik marafonu keçirilib.

"Unikal" xəbər verir ki, Xaçmaz rayonunun İstisu qəsəbəsində Xəzər sahil zolağında baş tutan aksiyada ümumilikdə 847 kiloqram məişət tullantısı toplanaraq aidiyyatı üzrə təhvil verilib. Xəzər dənizinin sahilyanı ərazilərinin təmizlənməsinə "Kapital Bank"ın Quba-Xaçmaz iqtisadi rayonlarını əhatə edən filial şəbəkələrindən 57 nəfər əməkdaş könüllü olaraq qoşulub.

Aksiyanın əsas məqsədi cəmiyyətə tullantıların düzgün idarə olunmasının və ətraf mühitin təmiz saxlanmasının vacibliyini aşılamaq, eyni zamanda sahilyanı bölgələrin ekoloji vəziyyətinə diqqət çəkməkdir.

Layihə barədə fikirlərini qeyd edən "Qırmızı Ürəklər Fondu"nun prezidenti Yusif Poladov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il üçün elan etdiyi “Yaşıl Dünya Naminə Həmrəylik İli”ndə Qırmızı Ürəklər Fondu  və "Kapital Bank" tərəfindən start götürən bu marafon mütəmadi olaraq həyata keçirilir. Məqsəd cəmiyyətimizdə ekoloji savadlılığın və ətraf mühitə qarşı həssaslığın daha da artırılması, eyni zamanda  sahilyanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, bu ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, hər kəsi təbiətə qarşı daha məsuliyyətli davranmağa təşviq etmək marafonun əsas hədəflərindəndir. 

Qeyd edək ki, “Red Hearts” – "Qırmızı Ürəklər Fondu" 2020-ci ildə "Kapital Bank"ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.