Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün iyun ayı üzrə növbəti səyyar qəbul keçirilib.

"Unikal" xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 53 nömrəli tam orta məktəbin akt zalında baş tutub.

Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB-in rəhbər heyəti, xidmət sahələrinin nümayəndələri də iştirak ediblər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə ediblər. Daha sonra Yasamal rayonunun sakinləri qurumuş ağacların budanması, mənzil növbəsi, kanalizasiya xəttlərinin vəziyyəti, Alatava yaşayış massivində gözlənilən söküntü, parkların yenilənməsi, ev təmirinə dəstək, veteran statusunun alınması, rayondakı yataqxanalarda kommunal problemlər və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırıblar. 

İcra başçısı Elşad Həsənov iki saatlıq qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına və xidmət rəhbərlərinə bir sıra konkret göstərişlər verib. RİH rəhbəri Qurban bayramı öncəsi aztəminatlı ailələrə dəstək göstərilməsi barədə aidiyyatı qurumlara göstəriş verib. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.