Bakı Mühəndislik Universitetinin (BMU) 2025/2026-cı tədris ili üçün bakalavriat səviyyəsi üzrə tələbə qəbulu planı təsdiqlənib.
"Unikal" xəbər verir ki, bu il də qəbul planında mühüm dəyişikliklər və yeniliklər öz əksini tapıb. Dəyişikliklər tələbə qəbulu, ixtisas sayının artım dinamikasında və yeni ikili diplom proqramının tətbiqində özünü göstərir (https://beu.edu.az/az/page/bakalavr-tehsili-182/) .
Belə ki, BMU-nun bakalavriat səviyyəsində ixtisasların sayı 36-dan 39-a çatdırılıb. Tədris olunacaq ixtisaslar üzrə, ümumilikdə 2585 plan yeri ayrılıb ki, bu da ötən illə müqayisədə əlavə 300 yer artım deməkdir. Ayrılan yerlərdən 1745-i Azərbaycan bölməsi (əyani), 200 yer qiyabi təhsil forması, 640 yer isə ingilis bölməsi (əyani) üçün nəzərdə tutulub.
Qəbul planına bakalavriat səviyyəsi üzrə əlavə edilən 3 yeni ixtisas sırasında “Data analitikası”, “Dekorativ-tətbiqi sənət”, “Turizm işinin təşkili” yer alır. Yeni ixtisaslara ayrılan yerlərə gəldikdə, “Data analitikası” ixtisasına ingilis bölməsi üzrə əyani təhsil formasında 55, “Dekorativ-tətbiqi sənət” ixtisasına Azərbaycan bölməsinin əyani təhsil forması üzrə 30, “Turizm işinin təşkili” ixtisasına isə 60 yer nəzərdə tutulub.
Digər mühüm yenilik bu ildən “Kimya mühəndisliyi” ixtisasına kadr hazırlığının Çin Xalq Respublikasının Pekin Kimya Texnologiyaları Universiteti (PKTU) ilə birgə ikili diplom proqramı çərçivəsində aparılmasıdır. Yüksək akademik göstəricilərə sahib tələbələr III və IV tədris illərində PKTU-da təhsillərini davam etdirəcəklər.
“Memarlıq” və “Dizayn”, o cümlədən yeni açılan “Dekorativ-tətbiqi sənət” ixtisasları üzrə qabiliyyət imtahanı nəzərdə tutulmayıb.
Qəbul planında bakalavriat səviyyəsi üzrə qiyabi təhsil forması da öz əksini tapıb. Ümumilikdə 9 ixtisas (Beynəlxalq ticarət və logistika, Biznesin idarəedilməsi, Dövlət və bələdiyyə idarəetməsi, İqtisadiyyat, Maliyyə, Marketinq, Mühasibat, Şərabçılıq, Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə)) həm də qiyabi təhsil formasında tədris ediləcək.