Türkiyədə polis xarici turistlərin bank kartlarından pul oğurlayan cinayətkar qrupu saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.  

İstintaq Kuşadası kurortunun prokurorluğuna turistlərin şikayətləri daxil olduqdan sonra başlayıb. Onlar iddia ediblər ki, evə qayıtdıqdan sonra hesablarından pul yoxa çıxmağa başlayıb. Araşdırmaya görə, 268 əcnəbi analoji şikayətlə müraciət edib.

Məlum olub ki, Kuşadasındakı hotellərdən birinin sahibi bank kartlarından məlumatları oğurlamaqda şübhəli bilinib.

Məlumata görə,  sözügedən şəxs digər hotellərin rəhbərlərinə də məlumatları ötürüb. Türkiyə polisi dörd ay ərzində beş vilayətdə - Aydın, Antalya , İzmir, Muğla və İstanbulda hotel sahiblərini izləyiblər. Ümumilikdə 20 nəfər saxlanılıb.

Nəticədə turistlərə dəyən ziyan 1,1 milyard türk lirəsini keçib - təxminən 29 milyon dollar.