""Qaz təchizatı" haqqında qanun layihəsi çərçivəsində işlərə artıq başlanılıb. Biz bu istiqamətdə artıq Tarif Şurası ilə əməkdaşlıq edirik. Tariflərin müəyyən olunması, onların müxtəlif təchizat sahələri üzrə hesablanmasında bizim çox aktiv rolumuz olub".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov deyib.

"Son tarif dəyişikliklərində də Tarif Şurası ilə işbirliyimiz olub. Baxmayaraq ki, bu səlahiyyətlərin layihədə 2028-ci ildə tətbiqi nəzərdə tutulub. Artıq həmin dövrə qədər biz müəyyən işlərin görülməsini, məsələn, metodologiyaların hazırlanmasını aidiyyəti dövlət qurumları ilə həyata keçiririk. Aidiyyəti dövlət qurumları ilə əlaqələrin qurulması sahəsində işlərimizi görürük”, - deyə o bildirib.

Energetika Nazirliyinin şöbə müdiri Rahid Əsədov bildirib ki, qaz sektorunda tariflərin müəyyənləşdirilməsini tənzimləyici qurum həyata keçirəcək. 

“Tənzimləyici tərəfindən qiymətlərin müəyyənləşdirilməsi 2028-ci ildən, hansı ki, “Tənzimləyici haqqında” qanun qüvvəyə mindikdən sonra müəyyənləşəcək. Hazırda bunu Tarif Şurası müəyyən edir”, - deyə şöbə müdiri qeyd edib.

Anar Kəlbiyev