“Sabit tarif xərc əsaslı metodologiyanın tarif elementlərindən biridir”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov deyib.

O bildirib ki, sabit tarif elementinin tətbiqində əsas məqsəd əlavə tarif elementini yaratmaqla maliyyə yükünü artırmaq deyil: "Belə ki, bu, özü-özlüyündə metodoloji yanaşmaya zidd olar. Çünki təchizat subyektlərinə tariflər vasitəsilə daxilolmalar həmin təchizat xidməti ilə bağlı yol verilən tarif xərcləri səviyyəsində məhdudlaşdırılır. Belə olduğuna görə hər hansı tarif elementlərinin tətbiqi bu və ya digər formada icazə verilən tarif xərclərini artıra bilməz. Bu baxımından sabit tarifin tətbiqində əsas məqsəd tarif elementlərinin təchizat xərclərinin xarakteri baxımından, yəni, sabit və dəyişkən xərclər baxımından doğru şəkildə strukturlaşdırılması, o cümlədən, xərclərin istehlak tariflərinə ədalətli şəkildə ötürülməsinin təmin olunmasıdır. 

Məsələn, iki abonentimiz var. Onlardan birinin bir, digərinin iki mənzili var, istehlak səviyyəsi eynidir və buna görə də bu günə olan istehlak tarifi üzərindən baxdıqda, bir və iki mənzili olan abonent eyni həcmdə ödənişini aparır. Çünki hər ikisinin istehlakı eynidir. Bu dolaysı ilə üç mənzilin infrastruktur xərcləri iki abonent arasında bölüşdürülür. Bu məsələdə biz bölgünü daha ədalətli şəkildə təmin etməyi sabit tarif tətbiqində görürük. Çünki sabit tarif elementinin tətbiqi sabit xərclər bilavasitə aidiyyəti abonentlərə aid olmuş olacaq”.

Nazirin müavini Samir Vəliyev bildirib ki, Azərbaycanda kommunal xidmətlər sahəsində tariflərin tənzimlənməsinin təkmilləşdirilməsi tarif metodologiyasının tətbiqi istiqamətində atılan növbəti mühüm addımdır: "Bu yanaşmanın, yeniliyin əsas məqsədi tariflərdə xərclərin daha dəqiq əks etdirilməsidir. İstehlakçının statusundan kommunal xidmətlərin istifadə səviyyəsindən asılı olmayaraq, daha ədalətli yanaşma tətbiq olunacaq”.

Qeyd edək ki, “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.

“Qaz təchizatı haqqında” yeni qanun layihəsində də sabit tarifin tətbiqi nəzərdə tutulur. Sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq.

Anar Kəlbiyev