Xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi çərçivəsində dövlət sərhədinin Astara sərhəd-keçid məntəqəsindən keçid prosesi davam edir.

"Unikal" xəbər verir ki, Qırğızıstanın İrandakı səfirliyinin daha bir neçə əməkdaşı Azərbaycan ərazisinə daxil olub.

Təxliyə olunan şəxsləri Azərbaycan tərəfinin rəsmi nümayəndələri ilə yanaşı, Qırğızıstanın Bakıdakı səfirliyinin əməkdaşları da qarşılayıb.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

 

*** 11:15

“Qırğızıstanın İrandakı səfirliyi adından bizim üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Ona görə ki, təxliyəmizə kömək etdilər və bu proses yüksək səviyyədə həyata keçirilib”.

"Unikal" report-a istinadən xəbər verir ki, bunu Qırğızıstan Respublikasının İrandakı səfirliyinin əməkdaşı Nazim Beişekeev deyib.

“Azərbaycan hökumətinin dəstəyi ilə İrandan Astaraya keçməyimiz təmin olunub. Yeddisi diplomat olmaqla ümumilikdə 28 nəfər dövlət sərhədini müəyyən intervallarla keçəcək. İki qrup halında gələcəklər. İkinci qrup isə yaxın vaxtlarda daha sonra gələcək.

İranda vəziyyət həqiqətən gərgindir. Ümidvaram ki, hər iki tərəf arasında müəyyən diplomatik danışıqlar nəticəsində vəziyyət sabitləşəcək. Mən fikirləşirəm ki, həmişə belə böhranlar qarşılıqlı şəkildə həll olmalıdır. Güc nümayişi xoşa gələn hal deyil”,- deyə o qeyd edib.