İsmət Abbasovla bağlı yeni ilginc iddia
11:34 06-09-2013
İQTİSADİYYAT
İsmət Abbasovla bağlı yeni ilginc iddia
Kənd təsərrüfatı naziri inəklər arasında yayılan xəstəlikdən də pul qazanmaq istəyir?!
Azərbaycanda iribuynuzlu heyvanlar arasında yeni və təhlükəli xəstəliyin yayılması xəbəri ölkədə geniş rezonans və ajiotaj doğurdu. Əslində burada təəccüblü heç nə yoxdur: nəzərə alsaq ki, əhalinin qida rasionunun əksər hissəsini ət və ət məhsulları təşkil edir, onda bu narahatçılıq təbii idi.
Digər tərəfdən fermerlərin, vətəndaşların minbir əziyyətlə bəslədiyi heyvanların bir andaca tələf olmaq ehtimalının əndişə doğurmasını da anlayışla qarşılamaq lazımdır.
Amma son günlər artıq bu mövzu ilə bağlı fərqli iddialar ortaya çıxıb. Həmin iddiaların ən ilgincini isə «Olaylar» İA ortaya atıb. Bu iddianın əsas hədəfi isə kənd təsərrüfatı naziri İsmət Abbasov və ümumiyyətlə, onun rəhbərlik etdiyi qurumdur.
Həmin iddiaya görə, adətən insan və heyvanlar arasında yeni virusların yayılması xəbəri əvvəlcə Avropa ölkələrindən, sonra yaxın qonşu ölkələrdən gəlsə də Azərbaycanda belə məlumatlar təkzib edilir. Hətta belə faktlar təsdiqini tapsa da ictimaiyyətdən gizlədilir, oxşar təkzibedici məlumatlarla vətəndaşların narahatçılığının aradan qaldırılmasına cəhd edilir. Ancaq nədənsə bu məlumat birdən-birə dövriyəyə buraxıldı ki, nəticədə insanlar arasında “virus xofu” yaradılmasına nail olundu. Son məlumata görə, Azərbaycanda iribuynuzlu heyvanlar arasında yayılan xəstəlik artıq 35 rayonu əhatə edir. Ümumi dəyəri 200 milyon olan 150 minə yaxın iribuynuzlu heyvan bu virusa yoluxub. Təhlükəli virus sürətlə ölkənin bölgələrinə yayılmaqda davam edir. Artıq xəstəliyin respublikanın 35 rayonunu əhatə etdiyi bildirilir. Məsələ orasındadr ki, belə bir məlumatın məqsədli şəkildə ortaya atıldığı bildirilir.
Məlumat yayıldıqdan sonra qısa müddət ərzində atılan addımlar səslənən iddianın həqiqiliyini təsdiqləməyə imkan verir. Xüsusən Kənd Təsərrüfatı Nazirliyi və qurum təmsilçilərinin canfəşanlığı şübhələri bir az da artırır. Kiçicik bir müqayisə yayılan xəbərin əsil mahiyyətinə aydınlıq gətirir. Vaxtilə “quş qripi” virusu ilə bağlı yayılan məlumatda bildirilirdi ki, sözügedən virus ev və çöl quşları ilə təmasdan belə insanlara keçə bilər, iribuynuzlu heyvanlar arasında yayıldığı iddia olunan məlumatda isə qeyd olunur ki, bu virusun insanlara keçmə ehtimalı sıfıra bərabərdir. Ancaq nədənsə cənab nazir “quş qripi” kimi təhlükəli virusun yayıldığı zaman belə narahat görünmürdü. Deməli, aysberqin görünməyən tərəfində bizlər üçün sirli olan məqamlar mövcuddur. Ancaq onu da qeyd edək ki, “quş qripi” virusuna qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən kifayət qədər vəsaitin ayrılmasına nail olundu. Və indi yaranan situasiyanı boşuna vermək istəmir. Elə nazir İsmət Abbasovun da tələsik yeni virusa qarşı mübarizə məqsədilə dövlət büdcəsindən vəsaitin ayrılması üçün müraciət etməsi bir çox mətləblərə aydınlıq gətirir.
Məlumat üçün qeyd edək ki, İsmət müəllimin sözügedən virusa qarşı mübarizə məqsədilə dövlət büdcəsindən vəsaitin ayrılması müraciətinə Nazirlər Kabineti tərəfindən müsbət reaksiya verilib. Nazirlər Kabinetinin sərəncamına əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə zəruri olan xüsusi təyinatlı avtomaşınların, avadanlıqların, müalicəvi dərmanların, dezinfeksiya və dezinseksiya maddələrinin alınması üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 2 milyon 350 min manat məbləğində vəsait ayrılıb. Ancaq nədənsə İsmət Abbasovun nazirlik “karyerasında” yaranan buğda çatışmazlığı dövründə belə çanfəşanlıq etməsinin şahidi olmamışıq. Ona görə də bu prosesdə iki meyarın qiymətləndirilməsi zərurəti yaranır: Necə oldu ki, birdən-birə belə bir xəbər meydana çıxdı və virusa qarşı aparılan mübarizə niyə effekt vermir? Əslində bu sualların cavablandırılması elə Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinə qiymət vermiş olur. Belə bəlli olur ki, ya nazirlik yayılan virusa qarşı effektli mübarizə apara bilmir, ya da məqsədli şəkildə cəmiyyətdə “virus xofu” yaratmağa cəhd edir. Məntiq göstərir ki, nazirliyin fəaliyyəti ikinci versiyanı hədəf kimi seçib. Nazirliyin müvafiq qurumunun fermerlərə müraciəti də dediklərimiziin təsdiqinə bir daha əsas verir. Belə ki, Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova fermerlərə müraciət edərək onları fırıldaqçıların toruna düşməməyə çağırb. Bildirib ki, yaranan vəziyyətdən sui-istifadə etməyə cəhd edən alverçilərə aldanaraq mal-qaralarını ucuz qiymətə satmasınlar. Deməli, nazirliyə dəqiq bəllidir ki, yayılan virus elə də təhlükəli deyil, yəni heyvanların kütləvi qırılması ilə nəticələnə bilməz və onun müalicəsi mümkündür.
Məlumata görə, bu virus mənşəli xəstəlik İngiltərə, Belçikada, Almaniyada, Fransada və bir çox Avropa ölkələrində yayılsa da insanların qidalanması üçün heç bir təhlükə mənbəyi rolunu oynamır. Məsələ orasındadır ki, nazirlik yaranmış vəziyyətdən maksimim istifadə etmək niyyətindədir. Əks halda Azərbaycanda belə bir virusun geniş yayılma ehtimalı olduqca azdır. Ölkədə qlobal ekoloji problem yox, isti, quraqlıq müşahidə olunmur, heyvanlar əsasən yerli məhsullarla yemlənir. Belə halda məlum olur ki, virus barədə yayılan məlumatlar elə də təhlükəli hesab olunmur. Məqsəd isə nəyin bahasına olursa olsun dövlət büdcəsindən maksimum dərəcədə vəsait əldə etməkdir.
İndi maraqlı olan ortaya atılan bu yeni iddiaya İsmət Abbasov və nazirliyinin hansı reaksiyanı verəcəyidir. Hər halda təkzib ediləcəyi dəqiqdir, amma nazir və nazirlik müəmmalı susqunluq da nümayiş etdirə bilər.
Azər Aslan
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40