Səfər Əbiyev müavininə qəzəbləndi
11:35 06-09-2013
İQTİSADİYYAT
Səfər Əbiyev müavininə qəzəbləndi
Müdafiə naziri Çingiz Məmmədovdan rəqiblərinə yaratdığı fürsətə görə narazı qalıb
Xəbər verildiyi kimi, sentyabrın 3-də Dənizkənarı Milli Park yaxınlığında yerləşən “Zabitlər evi”nin qarşısında bir qrup vətəndaş yolu bağlayaraq, Azərbaycan Respublikasının müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədovun maşınına hücum çəkiblər.
Onlar avtomobilin şüşələrini yumruqlayaraq, nazir müavini ilə görüş tələb ediblər. Lakin Çingiz Məmmədovu müşayiət edən zabitlər valideynlərin israrına məhəl qoymadan, sürücüyə avtomobili vətəndaşların üzərinə sürmək göstərişi veriblər. Nəticədə bir neçə nəfər müxtəlif bədən xəsarəti alıb.
Qeyd edək ki, Çingiz Məmmədov ilə görüş tələb edən valideynləri narahat edən məsələ onların övladlarının Ali Hərbi Məktəbə imtahansız qəbul edilməmələri ilə bağlıdır.
Müdafiə Nazirliyi artıq generala hücuma münasibət bildirib.
Nazirlikdən mətbuata verilən məlumata görə isə, “Zabitlər Evi”nin qarşısında bir qrup valideynin etiraz etməsinin səbəbi aydın deyil. Müdafiə Nazirliyi hesab edir ki, hansısa bir əsas olmadan bu cür vasitələrlə təsir göstərmək qəbul edilə bilməz.
Hər halda nazir müavininin avtomobilinin onun göstərişi olmadan vətəndaşların üzərinə sürülməsi inandırıcı görünmür. Elə təzyiqlə üzləşən valideynlər də eyni fikirdədir. Bu yerdə bir məqamı xatırladaq. Ölkə rəhbəri bu ilin əvvəlindən bəri bir neçə dəfə öz çıxışlarında məmurları vətəndaşlarla münasibətdə səlahiyyətlərini aşmamağa çağırıb. Belə hal baş verəcəyi təqdirdə isə onların cəzalandırılacağını deyib.
Odur ki, müdafiə nazirinin müavini ilə bir qrup vətəndaş arasındakı insident həm də ölkə rəhbərliyinin məlum tapşırıqlarına soyuq münasibət kimi dəyərləndirilə bilər. Dünən məlumatlı mənbələrdən əldə etdiyimiz bir xəbərə görə, müdafiə naziri Səfər Əbiyev də məhz bu məqamı nəzərə alaraq müavinindən narazı qalıb. Üstəlik, seçki ərəfəsində bu cür insidentə yol verildiyinə görə onu danlayıb və sərt xəbərdarlıq edib.
Məlumata görə, Əbiyevin narazılığı yalnız bu məqamla bağlı deyil. Ötən saylarımızda da qeyd etmişdik ki, son vaxtlar rəqiblərinin müdafiə nazirinə qarşı gizli və aşkar hücumlarının artdığı hiss edilir. Bildirmişdik ki, Görünən odur ki, seçki yaxınlaşdıqca Səfər Əbiyevə qarşı təzyiqlər də artacaq. Bəzi ekspertlər belə güman edir ki, bu, daha çox seçkidən sonra formalaşacaq yeni hökumət kabinetində Əbiyevin yer almasını önləməyə hesablanıb.
Naziri hədəfə gətirməklə daha da zəiflətməyi planlayan anti-Əbiyevçi güclər onun müdafiə naziri postundan bu yolla uzaqlaşdırılacağına ümid edirlər. Həmin ümidin doğrulub-doğrulmayacağını isə ən geci noyabr ayında görəcəyik.
Belə bir vaxtda müdafiə naziri müavininin adının xoşagəlməz insidentdə keçməsi Səfər Əbiyevin rəqiblərinə yeni siyasi hücumlar üçün bəhanə və fürsətə çevrilib. Elə buna görə də müdafiə nazirinin Çingiz Məmmədovdan narazı qaldığı, ona çox qəzəbli olduğu vurğulanır. Nazir hesab edir ki, hər nə olur olsun, həm seçki kimi həssas siyasi hadisə ərəfəsində, həm də rəqiblərinin onu «vurmaq» üçün kompromat, fürsət axtardığı bir məqamda müavini haqqında danışılan insidentin yaşanmasına imkan və icazə verməməli idi.
Müdafiə naziri müavininin adının keçdiyi məlum hadisənin isə Səfər Əbiyev və Müdafiə Nazirliyinə qarşı yeni tənqid və qınaqlar üçün bəhanəyə çevrildiyini isə görməmək mümkün deyil. Hətta bəzi hökumət yönümlü KİV-lər, ekspertlər belə bu hadisəyə görə həm nazir müavinini, həm də bütövlükdə ordu sistemi rəhbərliyini «irad yağışı»na tuturlar. Bu da sözügedən xoşagəlməz insidentin anti-Əbiyevçi çevrələr üçün göydəndüşmə fürsət olduğu və ondan maksimum istifadə olunacağı yönündə proqnozların təsdiqi deməkdir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53