“Şəkər xəstəsi olduğum üçün qəflətən bir gözümdə 90 faiz, digər gözümdə isə 50 faiz görmə qabiliyyətimi itirdim. Səhhətimdə yaranmış problemə görə xeyli müddət işdən uzaqlaşmalı oldum. Buna görə mənə əlillik də təyin edildi. Banka kredit öhdəliyim olduğundan, əmək qabiliyyətimi itirməkdən, borcumu qaytara bilməyəcəyimdən çox narahat idim. Buna görə kreditin aylıq ödəniş məbləğini azaltmaq və müddəti uzatmaq üçün təkrar banka müraciət etdim. Bankda öyrəndim ki, vaxtında götürdüyüm kreditə görə həyat sığortası etdirsəydim, sığorta şirkəti qalan kredit borcumu bağlayacaqdı”.
Bu sözləri bizə istehlak kreditinə görə həyat sığortasının olduğundan yeni xəbər tutan uşaq yazıçısı Aygün Bünyadzadə söyləyir. Müsahibimiz deyir ki, iki il öncə istehlak krediti alarkən bankın mütəxəssisi ona belə bir sığorta növünün olduğu barədə məlumat verməyib.
Həyat sığortası-risksiz həyat!
Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Şəhriyar Məcidov deyir ki, vətəndaş bankdan kredit alarkən həyat sığorta müqaviləsi bağlayarsa, gələcəkdə əmək qabiliyyətini neçə faiz itirərsə, kreditinin qalıq borcunun da bir o qədər hissəsi həyat sığorta şirkəti tərəfindən ödənilir.
Ş. Məcidov kredit alarkən həyat sığortasından yararlanmağın böyük əhəmiyyət kəsb etdiyini söyləyir. Müsahibimiz deyir ki, çox adam bankdan istehlak krediti alarkən həyat sığortasından istifadə etməyi özünə artıq xərc hesab edir. Amma bilmirlər ki, ödəyəcəkləri kiçik məbləğ onları götürdükləri kreditə görə, gələcəkdə böyük risklərdən sığortalayır. Ş. Məcidov bildirir ki, kredit götürərkən həyat sığorta müqaviləsi bağlayan vətəndaş gələcəkdə həyatını itirərsə, banka olan borc onun ailə üzvülərinin boynunda öhdəlik olaraq qalmır. Onun sözlərinə görə, ölüm halında sığorta təminatı 100 faizdir. Odur ki, kim aldığı krediti arzuolunmaz miras kimi öz vərəsələrinə buraxmaq istəmirsə, həyat sığortasından elə kredit götürərkən yararlanmalıdır. Müsahibimiz bildirir ki, kredit həyat sığortası kredit müraciəti zamanı könüllü olaraq təklif edilir. Kredit götürən şəxs bu üstünlükdən yararlana da bilər, üstünlükdən imtina da edə bilər.
Kreditə görə həyat sığorta məbləği aşağı düşüb
Kredit həyat sığortasının qiyməti isə kredit götürən şəxsin yaşı, kreditin müddəti və məbləğindən asılı olaraq dəyişir. Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının həyat sığortası ilə bağlı təsdiqlədiyi son qaydalardan sonra müştərilər üçün istehlak krediti götürərkən həyat sığortası etdirmək daha əlçatan və sərfəli olub. Belə ki, yeni qərara əsasən fiziki şəxslər kredit alan zaman banklar həyat sığortası məhsulunu da təklif etməlidir. Ş. Məcidov deyir ki, əvvəllər kredit alan vətəndaş həyat sığorta şirkətinə getməli, onların 14-15 sualdan ibarət sorğu anketini doldurmalı idi. AMB- nın son qərarından sonra isə artıq vətəndaşın kredit alarkən həyat sığortası əldə etməsi üçün sığorta şirkətinə gedib anket doldurmasına ehtiyac qalmayıb. “Əvvəllər vətəndaş götürdüyü kreditə görə həyat sığortası etdirərkən ondan xəstəlikləri, keçirdikləri əməliyyatları, hətta siqaret çəkib-çəkmədiyi belə soruşulurdu. Amma artıq vətəndaşdan bu cür ərizə məlumatları soruşulmur. Vətəndaş kredit götürərkən elə bankdaca heç bir sorğunu cavablandırmadan bir neçə dəqiqə ərzində həyat sığorta müqaviləsi bağlaya bilər”.
Müsahibimiz deyir ki, AMB-nın son dəyişikliyindən sonra həyat sığortasına görə vətəndaşdan ödəniş məbləği də 6- 8 dəfəyə qədər azalıb. Onun sözlərinə görə, əvvəl 35 yaşlı vətəndaş bankdan 10 min manat kredit götürərkən həyat sığortasına 100 manat ödəyirdisə, indi bir illik həyat sığorta haqqı 15 manat olub. Müqayisədən də görünür ki, vətəndaşın həyat sığortasına görə xərci 7-8 dəfə azalıb.
Həm istehlakçı sığortalanır, həm də bank!
Həyat sığortası təkcə kredit götürən müştərini gələcək riskdən sığortalamır. Eləcə də kredit verən bankı da riskdən sığortalamış olur. Bank məsələləri üzrə hüquqşunas Əkrəm Həsənov bildirir ki, istehlak kreditləri az müddətə və aşağı məbləğdə götürüldüyü üçün vətəndaşlar çox vaxt həyat sığortasına maraq göstərmirlər. Amma hüquqşunas deyir ki, kredit götürən şəxs həyatını itirdikdə bu borc onun hüquqi varislərinə qalır. Əgər mərhumun aldığı kreditə görə həyat sığortası varsa, bu borcu sığorta şirkəti ödəyir.
Ə. Həsənov deyir ki, burada təkcə vətəndaşı yox, əhaliyə kredit ayıran bankları da fikirləşmək lazımdır.
“ Çünki, kredit götürən şəxs həyatını itirdikdə bank çətin durumda qalır. Axı bank da kreditləri çox vaxt depozitlərdən ayırır. Dolayısı yolla bankın vətəndaşa verdiyi pul başqa müştərinin pulu sayılır. Vətəndaş kreditini ödəyə bilməyəndə bank da müştərinin depozitini qaytarmaqda çətinlik çəkir. Həyat sığortası banklarla istehlakçılar arasında mübahisələrin azaldılmasına, eləcədə bankları maliyyə risklərindən, maliyyə itkilərindən qorumağa xidmət edir.
Həyat sığortası kredit faizlərinin azalmasına səbəb olur
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov isə bildird ki,hazırda banklar tərəfindən 8 milyard manatdan artıq istehlak kreditləri verilib. Bu da 3 milyondan artıq vətəndaşımızın borclanması deməkdir. “ Statistikaya əsasən, istehlak krediti götürənlərin 95.0 faizinin sığortası yoxdur. Sığortadan istifadə olunmadığından kredit götürən şəxs dünyasını dəyişən zaman vərəsəsi, yəni onun ailəsi borcu qaytarmaq məcburiyyətində qalır. Həyat sığortasından istifadə isə bu riski aradan qaldırır. Nəticədə, əgər kredit alan şəxs həyat sığotasından istifadə edərsə bu halda onun bütün riskləri sığortalanmış olur və borclanma onun ailəsi üçün hər hansı potensial çətinlik yaratmır. Bu baxımdan, kreditlər verilən zaman həyat sığortasından istifadə olunması əhəmiyyətlidir”, deyə deputat bildirib.
Deputat, vurğulayıb ki, sığortadan istifadə əlavə ödənişə səbəb olsa da, bu borclanan üçün xərcin artmasına səbəb olmayacaq. Çünki kredit faizlərinə təsir göstərən faktorlardan biri də risk amilidir: “ Risk sığortalanan zaman banklar daha optimal faizlə kredit təklif edə bilirlər. Yəni, sığortadan istifadə istehlak kreditləri üzrə faizlərin də azalmasına gətirib çıxara bilər. Digər tərəfdən, sığorta haqqı da yüksək olmadığından differensial olaraq ödəniş paylaşdırıla bilir. Bu o deməkdir ki, kredit faizlərini artırmamaqla sığortalanmanı həyata keçirilməsi mümkündür. Buna görə də, risklərin kompensasiya olunması nəticəsində kredit faizlərinin aşağı düşməsi sığortadan istifadəyə rəğmən kredit götürən şəxslər üçün də əlavə xərc yaratmayacaq. Çünki, azalan kredit faizləri sığorta ödənişini kompensasiya edəcək. Nəticədə, kredit götürən şəxs dünyasını dəyişərsə o halda borcu vərəsə, yəni ailə üzvü qaytarmayacaq. Sığorta şirkəti borcu tam olaraq banka ödəyəcək. Bu baxımdan da, sözügedən istiqamətdə Azərbayan Mərkəzi Bankının yeni qaydalar tətbiq etməsi çox əhəmiyyətlidir”.
Zülfiyyə Quluyeva
Bu məqalə Azərbaycan Sığortaçılar Assosiasiyasının “Kredit götürənlərin həyat riskləri sığorta təminatında” mövzusu üzrə təşkil etdiyi müsabiqə üçün yazılıb.