2025/2026-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na (bundan sonra – Dövlət Proqramı) çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu mərhələsi başa çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 10 aprel - 15 iyun tarixləri ərzində davam etmiş sənəd qəbulu mərhələsi çərçivəsində Dövlət Proqramına dünyanın 19 ölkəsinə aid 94 ali təhsil müəssisəsi üzrə 1147 namizəd müraciət edib:
"Xüsusi vurğulamaq istərdik ki, müraciət edən gənclərin 310-u dünya reytinq cədvəllərində ("Times Higher Education", "QS World University Rankings", “Academic Ranking of World Universities (Shanghai)”) ilk top10-da yer tutan ali təhsil müəssisələrindən qəbul əldə edərək Dövlət Proqramına müraciət etmişdir.
Namizədlər tərəfindən daha çox müraciət olunan ölkələr sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Türkiyə Respublikası, Amerika Birləşmiş Ştatları, Avstraliya İttifaqı, İtaliya Respublikası yer alır. Namizədlərin seçimlərinə əsasən daha çox müraciət olunan ixtisas istiqamətləri isə informasiya texnologiyaları, dövlət idarəetməsi, mühəndislik, iqtisadiyyat, maliyyə kimi ixtisas istiqamətlərini qeyd etmək olar.
Məlumat üçün bildirmək istərdik ki, müvafiq qaydalara əsasən Dövlət Proqramının iştirak tələblərinə cavab verən və I mərhələdə sənədlərini uğurla təqdim edən namizədlər II mərhələdə, yəni müsahibə mərhələsində iştirak edirlər.
Beləliklə, Dövlət Proqramına qəbul çərçivəsində II mərhələ sayılan müsahibə mərhələsinə bugündən (25 iyun 2025-ci il tarixindən) etibarən start verilir. Müsahibə mərhələsinə dair məlumatlar namizədlərin portal.edu.az-da yer alan şəxsi kabinetləri üzərindən bildiriləcəkdir. Müsahibə zamanı verilən qiymətin yuxarı həddi 50 baldır. Minimum 40 bal toplamış namizədlər meyarlara uyğun hesab edilir və müsabiqədə iştirak hüququ qazanır.
Məlumat üçün qeyd edək ki, cənab Prezidentin 12 avqust 2024-cü il tarixli, 248 nömrəli Sərəncamı rəhbər tutularaq Dövlət Proqramına qəbul üzrə kvota sayı 500 nəfər müəyyən olunmuşdur ki, kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini, 20 faizindən çox olmayan hissəsi doktorantura, qalan hissəsi isə magistratura səviyyəsini əhatə edəcək.
Qeyd edək ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” 2022-ci ildən etibarən həyata keçirilir. Proqram çərçivəsində ümumilikdə 1252 nəfər tələbə təhsil almaq hüququ qazanıb.
Proqram iştirakçılarından 196 nəfər müvafiq beynəlxalq reytinq cədvəllərində ("Times Higher Education", “QS World Unıversıty Rankings” və “Academic Ranking of World Universities (Shanghai)”) universitetlər üzrə top10-da yer alan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Proqram çərçivəsində təhsilini başa vuraraq ölkəyə qayıdan 351 nəfər Dövlət Proqramı məzunu adını qazanıb".