Putin Suriyaya görə Qərbi S-300-lə hədələdi
11:36 06-09-2013
İQTİSADİYYAT
Putin Suriyaya görə Qərbi S-300-lə hədələdi
ABŞ isə Rusiya ilə Bəşər Əsədin taleyini müzakirə etməkdən imtina etdi
Rusiya prezidenti Vladimir Putin Sankt Peterburqda keçirilən G-20 ölkələrinin zirvə toplantısı öncəsi Qərbə gözdağı verib. Xarici mətbuatın məlumatına görə, Putin BMT Təhlükəsizlik Şurasının qərarı olmadan Suriyaya qarşı hərbi müdaxilənin baş verəcəyi təqdirdə İran və rəsmi Dəməşqə S-300 hava hücumundan müdafiə sistemlərinin satışını bərpa edəcəyinə açıq mesaj verib: “Suriya məsləsində beynəlxal hüquqa zidd addımların atıldığının şahidi olsaq, o zaman bizdə bəzi həssas silahlarımızı dünyanın bəlli ölkələrinə serfiyyat məsələsində necə davranacağımızı düşünəcəyik”.
Putin Con Kerrini
yalançı adlandırdı
Rusiya prezidenti Vladimir Putin Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerini yalan danışmaqda ittiham edib. Moskvada keçirilən İnsan Haqları Şurasının iclasında çıxışı zamanı Putin bildirib ki, Amerika hökuməti Suriyada, əslində, kimin terror törətdiyini bilir.
O deyib: "Mən Konqresdəki debatı izləmişəm. Debat zamanı konqresmenlərdən biri Keriyə belə bir sual verdi. Suriyada əl-Qaidə terror təşkilatının silahlıları fəaliyyət göstərirmi? Keri cavabında Əl-Qaidənin orada olmadığını bildirdi. Bu doğru deyil. Suriyada, üsyançılar, əsasən, əl-Nüsrə terror qrupunda birləşiblər. Bu isə, məlum olduğu kimi Əl-Qaidənin bir qoludur. Keri bunu çox gözəl bilir. Onu bu sözləri deyərkən görmək mənə xoş deyildi. Biz onların hörmətli insanlar olduğunu düşündüyümüz onlarla əməkdaşlıq edirik əlaqələr qururuq. Ancaq Keri açıq-aşkar yalan danışır və özü də yalan danışdığını bilir. Heç bir məclisin Suriyaya hərbi müdaxilə edilməsi üçün qərar verməyə hüququ yoxdur. Konqres belə bir addım atarsa, əslində hücum əmri vermiş olacaq. Burada özünü müdafiə faktı olmadığı halda Amerika Birləşmiş Millət Təşkilatının təhlükəsizlik şurasına məhəl qoymur".
ABŞ isə Rusiya ilə
Suriyanı müzakirə
etməkdən imtina etdi
ABŞ Konqresinin nümayəndələr palatasının spikeri Con Beyner Rusiya parlamentarilərindən ibarət nümayəndə heyətinin Suriya məsələsini müzakirə etmək təklifini rədd edib. Bu barədə CNN telekanalı xəbər verir.
Bir müddət əvvəl Rusiyanın Federasiya Şurasının üzvləri amerikalı senatorlara Suriyadakı vəziyyəti müzakirə etməyi təklif etmişdi.
Federasiya Şurasının spikeri Valentina Matvienkonun ABŞ Senatındakı çoxluğun lideri Qarri Ridə müraciətində bildirilirdi ki, Suriyadakı vəziyyətin tənzimlənməsi üçün diplomatik həll yollarının heç də hamısından istifadə edilməyib.
Bəşər Əsəddən
üsyançılara zərbə:
67 ölü
Srağagün Suriyada hökumət qüvvələrinin ağır silahlarla üsyançılara qarşı hücumlarında ölkə üzrə 67 nəfər ölüb. Bu məlumatı Londonda mərkəzləşən "Suriya İnsan Haqları Müşahidəçiləri" qrupu yayıb.
Hüquq müdafiəçilərinin iddiasına görə, srağagün Hələbdə 16, Raqqada 8, Küneytrada 8, İdlibdə 8, Deyr-Əz-Zorda 5, Hasekedə 3, Homsda 3, Dərada 2, Hamada 2 nəfər öldürülüb.
Ölənlər arasında 11 uşaq və 10 qadının olduğu bildirilir. Hökumət qüvvələrinin top və raketlə etdiyi hücumlar zamanı xeyli sayda adamın da yaralandığı bildirilir.
Suriyanın SANA rəsmi xəbər agentliyi isə xəbər verir ki, təhlükəsizlik qüvvələri müxtəlif şəhərlərdə həyata keçirdiyi əməliyyatlar nəticəsində aralarında xarici vətəndaşların da olduğu xeyli silahlı qruplaşmanı zərərsizləşdirib.
Əsədin naziri
Türkiyəyə qaçdı
Suriya lideri Bəşər Əsədin keçmiş müdafiə naziri general Ali Habib Türkiyəyə qaçıb. Bu barədə məlumatı "Reuters" Suriya Milli Şurasının üzvi Kamal Əl Labvaniyə istinadla yayıb.
Əgər bu xəbər təsdiqlənsə Həbib Bəşər Əsəd rejimindən qaçan ən yüksək rütbəli ələvi olacaq.
Labvani keçmiş nazirin Türkiyədən sığınacaq istəməsinin onun müxalifətə keçməsi mənasına gəlmədiyini deyib.
Onun sözlərinə görə, general üsyançıları öldürməkdən imtina etmək üçün ev həbsində idi və onun qaçısı qərb ölkələrindən birinin təşkilatçılığı ilə baş tutub.
Bundan əlavə Suriyanın Hələb şəhərinin Tibbi ekspertiza qurumunun rəhbəri Abdültavab Şahrurun da Türkiyəyə qaçdığı deyilir. Onun əlində Əsədin kimyəvi hücum törətməsi barədə sübutlar olduğu iddia edilir.
Fransa parlamenti
Suriyaya müdaxilə haqda nə dedi?
Suriyaya hərbi müdaxilə məsələsi srağagün Fransa parlamentində də müzakirəyə çıxarılıb. Debat zamanı müxalifət partiyalarından olan millət vəkilləri hökumətin Suriyaya punktual zərbələr endirməsi planlarına qarşı çıxıblar.
Lakin Fransa qanunvericiliyinə əsasən kritik məsələlərlə bağlı yekun qərar prezidentə məxsus olduğu üçün parlamentdə səsvermə keçirilməyib. Ölkənin baş naziri Jan Mark Ero çıxışı zamanı rejimə qarşı müdaxilənin vacib olduğunu bildirərək qanunvericilərin dəstəyini qazanmağa çalışsa da, müxalif tərəf fikrindən daşınmayıb. "Suriyaya qarşı atılacaq addımlar kollektiv şəkildə həyata keçiriləcək. Prezidentin də qeyd etdiyi kimi zərbələr punktual olmalıdır.
Biz xüsusi hədəfləri nişan alacağıq. Suriyaya hərbi qoşun yeritmək məsələsinə gəlincə isə belə bir strategiya qətiyyən planlaşdırılmır. Biz sadəcə Bəşər Əsədin hakimiyyətdən getməsini istəyirik. Bu işdə avropalı tərəfdaşlarımızdan və ərəb liqasından da dəstək gözləyirik" - deyə Ero sözlərini ifadə edib.
Müxalifət lideri Kristian Jakob isə öz növbəsində etiraz etmək üçün 3 səbəb göstərib: "Hədə-qorxu və cəza məqsədindən başqa heç bir məqsəd olmadan sərt hərbi əməliyyatlar keçirmək, beynəlxalq qanunvericiliyə əsaslanamadan tək başına müdaxilə etmək və, nəhayət, xarici siyasətimizə məhəl qoymadan addımlar atmaq qəbuledilməzdir".
Qeyd edək ki, debat etirazsız da ötüşməyib. Bir qrup fəal parlamentin binası qarşısında toplaşaraq Suriyaya müdaxiləyə qarşı şüarlar səsləndiriblər. Aksiyada "Fabiüs İsrailin agentidir", "Müharibəyə son qoyun" şüarları yazılmış plakatlar nümayiş olunub.
Amerikalı ekspert:
“Suriyada Əsədi
əvəzləyəcək bir qüvvə görmürəm”
Birləşmiş Ştatlar Suriyaya zərbələr etməkdən vaz keçməyəcək. Bu barədə Amerikanın məşhur Montana universitetinin professoru Tomas Qolts bildirib. “Mənim fikrimcə, Amerika bu qərarı verib. Yəni bu olacaq”,- deyə professor vurğulayıb. Lakin o, baş verənlərə tərəfdar olmadığını da bildirib: “Mən bu gün iki senartora və konqersmenlərə məktub yazmışam. Xahiş etmişəm ki, bu prosesi dayandırın. Çünki bunun axırının nə olacağı heç də məlum deyil”,- deyə o bildiriib.
“Mən düşünürəm ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı qərar verməlidir. Amma dünən gecə (srağagün – red.) və bu gün (dünən – red.) yayılan xəbərləri mən izlədim. Konqressi və Obamanı izlədim. Təəssüflər olsun ki, bizim Obama sülh prezidenti ola bilmədi, müharibə prezidenti oldu”,- deyə o vurğulayıb.
Onun fikrincə, Suriyadakı müharibə Yaxın Şərqi məhv edəcək. “Mən Suriyada Əsədi əvəzləyəcək bir qüvvə görmürəm, sadəcə bir faciə görürəm. Müxalifətdə cürbəcür qruplar, “Əl Qaidə”, Azad Suriya Ordusu və s. var. Hərəsi bir tərəfə çəkir - biri Türkiyənin, o birisi Qətərin tərəfdarıdır. Həddindən mürrəkkəb vəziyyətdir. Bu müddət ərzində tək qüvvə Dəməşqdədir və o da Bəşər Əsəddir”.
Onun fikrincə, Suriya üçün sülh planı mümkün deyil: “Bu, vətəndaş müharibəsidir. Mütləq biri qalib gəlməli, biri isə məğlub olmalıdır”.
Türkiyədə xalq
hərbi əməliyyatlara qoşulmaq
tərəfdarı deyil?!
Türkiyə hökuməti Suriyaya qarşı hərbi əməliyyatlara dəstək verəcəyini bəyan edib. ABŞ silahlı qüvvələri uzun illərdir Türkiyənin İncirlikdəki hərbi bazasından istifadə edir. Eyni zamanda Türkiyə qüdrətli hərbi hava qüvvələrinə malikdir. Lakin Türkiyənin müxalifət partiyaları Suriyanı hədəf alacaq hərbi əməliyyatların əleyhinə çıxış edir. Rəy sorğularına əsasən, Türkiyə ictimaiyyəti Suriyaya hərbi müdaxilə məsələsinə skeptik yanaşır.
Brüsseldə Karnegi Fondunun Avropa bölməsinə dəvət edilmiş təhlilçi Sinan Ulgen deyir ki Türkiyə Vaşinqtonun Dəməşqə qarşı hər hansı bir aksiyasında ABŞ-ın güclü müttəfiqi olmalıdır. Bununla belə o, tərəflər arasında fikir ayrılıqların da qaldığını əlavə edir: “Türkiyə Əsəd və onun rejiminin kimyəvi silahlardan istifadə etdiyinə görə cəzalandırılması fikrinə dəstək verib. Fərq ondadır ki, Türkiyə Əsədin hakimiyyətdən devrilməsi kimi məqsədə nail olmaq üçün daha geniş hücumun keçirilməsini istəyir”.
Prezident Barak Obama Suriyaya qarşı hücumun məhdud xarakter daşıyacağını və rejimin hakimiyyətdən devrilməsi kimi məqsədin qarşıya qoyulmadığını bildirib. Türkiyənin “Taraf” qəzetində diplomatiya məsələlərini işıqlandıran təhlilçi Semih İdiz bu fərqlərə baxmayaraq, rəsmi Ankaranın ABŞ-ın başçılığı ilə əməliyyata dəstək verəcəyini deyir. Lakin onun sözlərinə görə, bu daha məhdud dəstək ola bilər: “Xarici İşlər naziri Əhməd Davutoğlu deyib ki, Türkiyə koalisiya yaradılsa, orada iştirak etmək istəyir. Lakin burada çox ciddi sual durur. Bu da Türkiyənin əslində Suriyaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirak edib-edə bilməməsi ilə əlaqədardır. Bu fikir Türkiyə cəmiyyəti tərəfindən dəstəklənmir. Müxalifət də bunu dəstəkləyəmərək, belə bir addımın partlament tərəfindən razılıq əsasında atılmalı olduğunu bildirir. Belə bir mandat isə mövcud deyil. Təhlilçilərin böyük hissəsi hesab edir ki, Türkiyə hərbi əməliyyatlarda birbaşa iştirak etməyərək, İncirlik kimi amerikalıların istifadə etdiyi hərbi bazalar vasitəsilə əməliyyatlara yardım edəcək”.
“Milliyyet” qəzetinin yazarı Kadri Gurselin fikrincə, ABŞ-ın mümkün hərbi hücumu üçün öz bazaları və hava ərazisindən istifadəyə icazə verməklə Türkiyə risk qarşısında qalmış olur. Onun sözlərinə görə, rəsmi Ankara Suriyanın ABŞ-ın hərbi əməliyyatlarından sonra qisas ala biləcəyindən narahatdır: “İki cür variantdan söhbət gedir. Biri terrorizmdir və bu, may ayında Reyhanlıda Türkiyə tarixində ən pis terror hücumu həyata keçirilməklə sübut oldu. İkincisi isə, nəzəri və hərbi baxımdan Türkiyənin Suriyanın kimyəvi arsenalının hədəfinə çevrilməsidir.”
Təhlilçi Semih İdiz ABŞ-ın Suriyaya mümkün hücumunun Türkiyə ictimaiyyətində ciddi reaksiya yaradacağı ilə bağlı xəbərdarlıq edir: “Türkiyə ictimaiyyəti hər zaman Qərbin müsəlman ölkələrinə, xüsusilə də Yaxın Şərqdə müdaxiləsinin əleyhinə olub. Türkyədə nümayişlərin şahidi olduq, biz yenə də küçələrdə iğtişaş polisini görə bilərik. Elə indinin özündə bəzi müxalifət kanalları və qəzetlərin nümayişlərə təhrik etdiyini görə bilərik.”
Rəy sorğuları göstərir ki, Ankaranın Suriyada üsyançılara dəstəyi hökumət tərəfdarları da daxil olmaqla ictimaiyyət arasında dəstək tapmayıb. Təhlilçilər Türkiyə hökumətinin ABŞ-ın başçılığı ilə Suriyaya qarşı hərbi əməliyyatlara dəstəyinin baha başa gələ biləcəyi ilə bağlı xəbərdarlıq edir.
Amerika ictimaiyyəti
də Suriyaya hücumu dəstəkləmir
ABŞ prezidenti Barak Obama və nüfuzlu qanunvericilərin Suriyaya qarşı hərbi hücum tərəfdarıdır, lakin onlar belə görünür Amerika ictimaiyyətini buna əmin etmək üçün böyük iş görməlidir. “Vaşinqton Post” və ABC şirkətinin keçirdiyi birgə sorğuya əsasən, amerikalıların 59 faizi Suriya hökumətinə qarşı hərbi hücumun əleyhinə çıxır.
Hücumu dəstəkləyənlər respondentlərin 36 faizini təşkil edir. Sorğunun nəticələri Suriyaya hücuma dəstək verənlərin sayının Britaniya və Fransa kimi ölkələr qoşulduğu halda artaraq 46 faiz təşkil etdiyini göstərir.
“Pew” araşdırma mərkəzinin keçirdiyi başqa bir sorğuya görə isə Suriyaya qarşı hərbi müdaxilə əleyhinə 48, hücuma dəstək verənlər isə 29 faiz təşkil edib. Sorğuda göstərilir ki, respondentlərin 74 faizi hücumların Amerika əleyhinə əhval-ruhiyyənin artmasına gətirib çıxaracağına inanır. Respondentlərin 61 faizi hərbi müdaxilənin ABŞ-ın münaqişəyə uzun müddətli cəlb olunması ilə nəticələnəcəyinə inandığını bildirib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40