Xəbər verdiyimiz kimi, Azərbaycanın təhlükəsizlik qüvvələri "Sputnik Azərbaycan"ın ofisində əməliyyat-axtarış tədbirləri keçirib.
"Unikal" xəbər verir ki, tədbirlər çərçivəsində redaksiya heyətinin rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov saxlanılıb. Onların Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan əməkdaşları olduğu bildirilir.
Redaksiya rəhbərliyinin saxlanılma anınının videosunu təqdim edirik:
*** 17:52
“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb.
DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.
Əlavə məlumat veriləcək.
***13:55
Hüquq-mühafizə orqanlarının “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilməsi ilə bağlı məlumat Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təsdiqlənib.
"Unikal" xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən TASS-a bildirilib.
"Təsdiq edirik. Əməliyyatla bağlı əlavə məlumat veriləcək", - deyə rəsmi açıqlamada qeyd olunub.
***12:44
Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.
"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, polis ofisi nəzarətə götürüb.
Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.
Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.