"Şahin Şıxlinski və oğlu Rusiyada təcrübəli vəkillərdir. Onların bir tək "günahı" son günlər qanunsuz həbs olunmuş diaspora üzvlərinin hüquqlarını müdafiə etmələridir". 

"Unikal" xəbər verir ki,  bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. O bildirib ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bu dəhşətli faktlarla bağlı beynəlxalq hüquqmüdafiə təşkilatlarına müraciət edəcək: 

"Dünən bütün dünyaya yayılmış vəhşicəsinə döyülmüş soydaşlarımızın məhkəmə prosesində Şıxlinskilər müdafiəçi qismində iştirak ediblər və məhz buna görə bu gün onlara qarşı zorakılıq tətbiq edilir, vəkil olan ata və oğul qatı cinayətkarlar kimi hər kəsin gözü qarşısında təhqir olunur, döyülürlər. Şahin müəllim həmçinin tanınmış iş adamıdır, diaspora rəhbəridir. Artıq vəkillər, hüquqşünaslar peşə fəaliyyətlərinə görə qanunsuz həbs olunurlar, onlara qarşı alçaldıcı şəkildə qeyri-adekvat güc tətbiq olunur. Ən qısa zamanda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından bu dəhşətli faktlarla bağlı beynəlxalq hüquqmüdafiə təşkilatlarına müraciət olunacaq".

Anar Bağırovun sözlərinə görə, Rusiyanın güc strukturları tərəfindən soydaşlarımıza qarşı törədilənlərin əsl adı vəhşilikdir, qeyri-insani rəftardır, barbarlıqdır.

"Görünən odur ki, Rusiyada hüquq və hüquqlar mövcud deyil, orada istənilən şəxsi küçədə döyüb alçaldırlar, milli mənsubiyyətinə, peşə fəaliyyətinə görə insanlar öldürülür, döyülür, işgəncəyə məruz qalırlar. Dövlətin güc strukturları işgəncə makinasına çevrilib, cəlladlar qanun üzərində rəqs edirlər", - deyə A.Bağırov qeyd edib.