Milli Məclisin deputatı Asif Əsgərovun təşəbbüsü və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “Tələbə adın mübarək – suveren Azərbaycan gənci” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tələbə adını qazanmış gəncləri təbrik edərək, onların təhsil sahəsindəki uğurlarını yüksək qiymətləndirib.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Asif Əsgərov Azərbaycan gəncliyinin bilik və bacarığının inkişafına göstərilən dövlət qayğısından danışıb, təhsildə əldə olunan nailiyyətləri vurğulayıb və bütün pedaqoji heyəti təbrik edib. Millət vəkili çıxışında, həmçinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək, bunun dövlətimizin gələcəyi olan gənclərin inkişafında mühüm rol oynadığını bildirib.

Çıxışlardan sonra yüksək bal toplayaraq tələbə adını qazanmış gənclər səhnəyə dəvət olunub. İcra başçısı Mübariz Əhmədzadə və deputat Asif Əsgərov 600-dən yuxarı nəticə göstərmiş abituriyentlərə hədiyyələr təqdim ediblər.

Eyni zamanda, tədbir çərçivəsində Millət vəkili Asif Əsgərovun təşəbbüsü ilə Zaqatalada yaşayan şəhid və qazi övladlarına, həmçinin 150 aztəminatlı ailənin məktəbli övladlarına məktəbli formaları hədiyyə olunub.

Sonda gənclərə təhsil həyatlarında uğurlar arzulanıb, onların gələcəkdə dövlətimizin inkişafına töhfə verəcəklərinə əminlik ifadə olunub.