ABŞ hakimiyyəti narkokartellərə qarşı əməliyyatlar aparmaq məqsədilə Puerto-Rikodakı aerodroma 10 ədəd F-35 qırıcısı yerləşdirmək barədə göstəriş verib. Bu addım regiondakı gərginliyi daha da artırmaq ehtimalı yaradır.

"Unikal" “Reuters” agentliyinə istinadla xəbər verir ki, müasir qırıcılar ABŞ-ın Karib hövzəsinin cənubunda onsuz da geniş olan hərbi mövcudluğunu gücləndirəcək. Bu qərar Prezident Donald Trampın narkotik qaçaqmalçılığında ittiham etdiyi qruplaşmaların fəaliyyətini məhdudlaşdırmaqla bağlı etdiyi seçkiqabağı vədinin icrası çərçivəsində verilib.

Cümə günü baş verən hadisə Venesueladan “böyük miqdarda narkotik vasitə” daşıyan gəmiyə qarşı ABŞ qüvvələrinin hücumundan üç gün sonra qeydə alınıb. Trampın sözlərinə görə, hücum nəticəsində 11 nəfər həlak olub. Bu zərbə, görünür ki, Latın Amerikasında uzunmüddətli hərbi kampaniyanın başlanğıcı üçün zəmin yaradıb.

Qırıcıların gələn həftənin sonunadək Karib hövzəsinin cənub hissəsinə çatacağı bildirilir. Qeyd olunur ki, artıq yeddi ABŞ hərbi gəmisi və bir sürətli nüvə sualtı qayığı həmin regionda yerləşdirilib və ya yaxın günlərdə orada olacaq. Həmin gəmilərdə 4,5 mindən çox dənizçi və dəniz piyadası xidmət aparır.