Siyasi oyunların - "cırtdan personajı"
23:59 07-09-2013
İQTİSADİYYAT
Siyasi oyunların - "cırtdan personajı"
Dublyor Cəmil Həsənlinin ortaya atılması aqressiv müxalifət düşərgəsində vəziyyəti gərginləşdirib
Prezident seçkilərinə qısa vaxt qalmasına baxmayaraq aqressiv müxalifət düşərgəsində hələ də qeyri-müəyyənlik, partiya sədrləri arasında antaqonist ziddiyyətlər, qarşılıqlı kompromatlar davam etməkdədir.
"Milli Şura"nın son sessiyasına "El" hərəkatının və Liberal Partiyanın təmsilçilərinin qatılmaması aqressiv müxalifət rəhbərlərinin siyasi ambisiyalarını çılpaqlığı ilə ortaya qoydu. Son hadisələr və ayrı-ayrı mətbuat səhifələrində partiya funksionerlərinin bir-birlərinin ünvanına sətiraltı ifadələr işlətməsi bir daha bu şəxslərin əsl simalarını cəmiyyətə göstərmiş oldu.
"El"çilərin və ALP-nin "Milli Şura"nın sessiyasına qatılmaması birmənalı olaraq boykot taktikası oldu. Bu fakt əvvəlcədən də proqnozlaşdırıldığı kimi "Milli Şura"nın parçalanmasının əsasını qoydu. Çünki Rəsul Quliyev və onun tərəfdarları açıq bəyan ediblər ki, dublyor Cəmil Həsənli "Milli Şura"nın "vahid namizəd"i olduğuna görə bu qurum bizə lazım deyil, oranı tərk edə bilərik. AXCP və Müsavat funksionerləri isə ACP nümayəndələrinə hədə-qorxu gələrək bildiriblər ki, "Milli Şura"nı tənqid etməyin, əks halda, sizi oradan qovacağıq. Beləliklə, partiya funksionerləri bir-birinin bostanına daş atıb, əslində, baş girələməklə məşğuldurlar. Faktiki olaraq, dublyorun prezident olacağına heç "Milli Şura"dakı digər partiyalar da inanmır. Sadəcə olaraq, seçkiöncəsi qoca kinorejissor R.İbrahimbəyovun ssenarisi əsasında
2-ci, 3-cü
dubla çəkilirlər
"El" hərəkatı rəhbərliyinin "Milli Şura"nın sessiyasına qatılmamasını təsadüf hesab etmək olmaz. Xatırladaq ki, reneqat E.Namazov prezidentliyə "vahid namizəd" məsələsi gündəmə gələrkən qoca kinorejissora alternativ kimi yalnız özünü görürdü və bunu yaxın ətrafına da bildirmişdi. Qoca kinorejissorla Moskva görüşündən sonra aqressiv müxalifətin gözləntilərinin özünü doğrultmaması və "ehtiyat vahid namizəd" məsələsində dublyor C.Həsənlinin ssenaridə "yeni personaj" kimi ortaya çıxması situasiyanı dəyişdi. E.Namazov "ehtiyat vahid namizəd" kimi AXCP və Müsavat partiyaları tərəfindən açıq dəstəklənmədiyinə görə küskünlüyünü həmin anda gizlədə bilmişdi. ALP və ACP-nin dublyor C.Həsənlinin "ehtiyat vahid namizəd" məsələsində E.Namazovun mövqeyinə dəstək vermələri faktiki olaraq düşərgədə iki qruplaşmanın yarandığını göstərdi. Bu isə "Milli Şura" ideyasını tarixin arxivinə yola salmaqla yeni qarşıdurma meydanı açmış oldu.
Bu səbəbdəndir ki, "ehtiyat vahid namizəd" məsələsindən başlanmış intriqa parçalanmış müxalifət arasında qarşıdurmanı gündən-günə daha da dərinləşdirir. "El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev "Milli Şura"nın sessiyasına qatılmamalarını belə izah edib: "Təbii ki, daha fundamental narazılıq var və bununla bağlı da açıqlama veriləcək. Müəyyən fikir ayrılığı və çatlar var. Burada əsas məsələlər gedilən yolun səmimiliyi və düzgünlüyüdür. Biz bir addımlayırıqsa, gərək bir-birimizə qarşı səmimi olaq. İclasda yetərsayın olub-olmadığını bilmirəm. Hər halda, bu da bir siqnaldır. Bu, əslində, "Milli Şura"ya, bu qurumu yaradan şəxslərə bir mesajdır. Gəlin, səhv buraxmayaq ki, mənzil başına çatmamış hərə bir istiqamətə getməsin".
ALP sədri Əvəz Temirxan da narazılığını ifadə edib və yaxın vaxtlarda qurumla bağlı mövqelərini tam şəkildə cəmiyyətə açıqlayacaqlarını bildirib. Bu məsələdə maraqlı məqam isə AXCP və Müsavat rəhbərliyinin münasibətidir. Məlum olduğu kimi, dublyor C.Həsənlinin "ehtiyat vahid namizəd" məsələsi gündəmə gələndən sonra onların bu "seçiminə" "El" başda olmaqla yedək partiyalar da könülsüz razılıq vermişdilər. Bunu Ə.Kərimli, eləcə də İ.Qəmbər bilsələr də, həmin anda məsələni şişirtməmişdilər. İndi isə tərəflərin açıq müstəvidə "kompromat savaşı"na keçmələri münasibətlərə yenidən baxılmasını gündəmə gətirib.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirib: "Biz çox istərdik ki, "EL" hərəkatı, ALP və ACP gəlib seçki qərargahından imza vərəqi götürüb imza toplayaydılar. Biz də cəbhəçilərlə müsavatçılara bir qədər az əziyyət verməli olardıq. İmza vərəqələri MSK-dan birbaşa Müsavatın qərargahında yerləşən mərkəzi seçki qərargahına gətirilib və dərhal "Milli Şura"dakı bütün qurumlara müraciət edilib. Təəssüf ki, "El", ALP və ACP bir dənə də olsun, imza vərəqi götürməyiblər. Gəlib götürsəydilər, daha yaxşı olardı və proses bir qədər də tez yekunlaşardı. Lakin onlar bunu etmədilər".
İfrat radikallar bir-birlərini ittiham etməklə faktiki olaraq düşərgədə yaşanan olaylara tam aydınlıq gətirmiş olurlar. Qoca kinorejissorun dublyoru C.Həsənlinin siyasi oyunların "yeni personajı" kimi ortaya atılması, əslində, düşərgədə seçkiöncəsi ssenarinin hələ bir neçə dəfə dəyişəcəyini düşünməyə əsas verir. "El" tərəfdarları ilə AXCP və Müsavat rəhbərliyi arasında ziddiyyətlərin dərinləşməsi düşərgədə ciddi kataklizmlərin olacağından xəbər verir.
Mehdi
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20