İyulun 2-də Laçın şəhərində ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Həftəsi çərçivəsində İƏT-nin Qadınlar Forumu təşkil edilib.
"Unikal" xəbər verir ki, forumda İƏT-yə üzv ölkələrin nümayəndə heyətləri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Tədbir qadınların imkanlarının artırılması üçün İƏT ölkələrində sektorlararası əməkdaşlığı təşviq etmək, eləcə də təşkilatın əhatə etdiyi regionda dayanıqlı, inklüziv və davamlı cəmiyyətin formalaşmasında qadınların rolunu gücləndirmək məqsədilə təşkil edilib. Forum çərçivəsində "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu", “Şəhərsalmanın inkişafında qadınların rolu" və "Dayanıqlı inkişafda qadınların rolu" mövzularında panel sessiyalar keçirilib.
Sessiyalarda iqlim davamlılığı üçün insan inkişafında qadınların rolu, təhsil vasitəsilə qadınların imkanların artırılması, rəqəmsal inklüzivlik, innovasiyalar və təcrübə mübadiləsi və digər mövzular fikir mübadiləsi aparılıb.
Forumda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini icra edən Yusif Ağayev iştirak ediblər.