Oliqarxların gizlətdiyi 1,9 milyard manatın sirri "Unikal"da
12:11 10-09-2013
İQTİSADİYYAT
Bir çox iri məmurların dövlət xəzinəsinə borcu getdikcə "şişir"
Bu ilin ortalarında olduqca ilginc bir fakt ortaya çıxdı. Əslində həmin faktın ciddi müzakirəsi lazım idi, ona siyasi və iqtisadi, eyni zamanda hüquqi qiymət verilməsi zərurəti ortada idi. Amma üstündən xeyli vaxt keçməsinə rəğmən bu mövzuda hər hansı müzakirələrin, qiymətləndirmələrin şahidi olmadıq. Əslində kifayət qədər ciddi bir məsələnin üstündən sükutla keçildi. Nə etməli, bu da Azərbaycanın özünəməxsus reallığıdır.
Bəs söhbət nədən gedir? Təxminən üç ay əvvəl məlum oldu ki, iri vergi ödəyicisinin dövlət büdcəsinə borcu 1,5 milyard manata yaxındır. İnhisarçılıqdan doğan nəhəng gəlirlərə baxmayaraq, heç bir səbəb olmadan iri dövlət müəssisələri dövlət büdcəsinə və Sosial Müdafiə Fonduna həmişə borclu qalır.
Ümumiyyətlə, hesablamalar göstərir ki, iri dövlət vergi ödəyicilərinin ödədiyi vergilər büdcədən aldıqlarından azdır. 2012-ci ildə aralarında Aydın Bəşirovun Xəzər Dəniz Gəmiçiliyi İdarəsi, Cahangir Əsgərovun "AZAL"ı, Arif Əsgərovun "Dövlət Dəmir Yolları" QSC də olmaqla 6 iri vergi ödəyicisi dövlət büdcəsinə 210,5 milyon manat vergi ödəyib ki, bu da əvvəlki illə müqayisədə 3,2 milyon manat az idi. Bu il də oxşar azalma tendensiyasının müşahidə ediləcəyinə dair rəylər var.
Qeyd edək ki, son 5 il ərzində "Dövlət Dəmir Yolları" QSC-nin vergi ödənişləri ilbəil azalıb. Əslində, vergi ödənişlərinin azalma tendensiyası "Dövlət Dəmir Yolları" ilə yanaşı Xəzər Dəniz Gəmiçiliyi İdarəsi və "AZAL"a da aiddir. 5 il ərzində Xəzər Dəniz Gəmiçiliyinin dövlət büdcəsinə ödədiyi vergilərin həcmi 77,1 faiz, "AZAL"ın ödədiyi vergilər isə 27,9 faiz azalıb.
Dövlət şirkətlərinin büdcəyə olan böyük həcmli borcları isə hələ də qalmaqdadır. 2013-cü ilin əvvəlinə dövlət büdcəsinə borclar 3 milyard manat təşkil edib ki, bunun da 1,5 milyard manatı adıçəkilən iri dövlət müəssisələrinin payına düşür. Onlardan bəzilərinin borcları Nazirlər Kabinetinin borcların silinməsilə bağlı qərarları sayəsində azaldılıb.
Ümumiyyətlə, son illərə baxanda daha çox 9 qurumun dövlət büdcəsinə xeyli borcunun olduğu görünür. Hətta büdcəyə olan borcun 70-75 faizi məhz bu qurumların payına düşür. Bu şirkətlər qapalı şirkətlərdir və onların fəaliyyətində şəffaflıq yoxdur. Eləcə də onlar dövlətin ayrı-ayrı şəxsləri tərəfindən himayə olunur. Bu şirkətlər korrupsiyanın əsas həlqələridir. Ümumiyyətlə, borcların yaranmasının özü qeyri-şəffaflıqdan xəbər verir. Ödənilməli olan vergiyə bu müəssisələr izafi yük kimi baxırlar. Vəsaitləri isə müəyyən xərcləmələrə, şəffaf olmayan layihələrə yönəldirlər. Ona görə də qapalı olan həmin müəssisələr vergiyə ödənməli olan vəsaitləri şəffaf olmayan layihələrə istiqamətləndirir.
Digər tərəfdən isə dövlət xəzinəsinə iri məbləğdə borcu olan bəzi qurumların rəhbərlərinin ilbəil varlandığı, kapitallarını və əmlaklarını artırdığı müşahidə olunur. Belə bir ziddiyyət isə onların korrupsiya ilə ciddi bağlarının göstəricisidir.
Əks halda sual edilməlidir ki, necə olur, bəzi oliqarxların rəhbərlik etdikləri qurumların, dövlət şirkətlərinin büdcəyə borcları artdığı halda onların biznesi böyüməkdə davam edir? Bu, belə bir şübhəyə həqiqət donu geyindirmirmi ki, onlar büdcəyə ödəməli olduqları vəsaitləri əslində müxtəlif yollarla dövlət xəzinəsindən yayındırır, son nəticədə həmin pulların hesabına əmlaklarını artırır, kapitallarını böyüdür, öz qeyri-rəsmi bizneslərinin böyüməsini təmin edirlər?
Fikrimizcə, yuxarıda haqqında danışdığımız absurd, təzadlı vəziyyət bu sualların əsas cavabıdır. Qoy ortadakı bu fakta oxucular özləri qiymət versinlər. Çünki hər şey göz önündədir və bizim əlavə şərh verməyimizə heç bir ehtiyac qalmır.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40