Naməlum fırıldaqçı süni intellektdən istifadə edərək özünü ABŞ-ın dövlət katibi Marko Rubio kimi təqdim edərək yüksək rütbəli məmurlarla yazışmağa başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Hadisə ilə bağlı qəzetə ABŞ rəsmiləri arasında yüksək rütbəli mənbə məlumat verib. İnsidentlə bağlı məlumat Rubionun ofisinin iyulun 3-də Dövlət Departamentinin əməkdaşlarına göndərdiyi mesajda da var. Bunun jurnalistlərin əlinə necə keçdiyi açıqlanmır.

Qəzetin yazdığına görə, fırıldaqçı iyun ayında “Signal” messencerində “[email protected]” saxta e-poçt ünvanından ekran adı kimi istifadə edərək hesab yaradıb. Nəticədə o, "Signal" və SMS mesajlarından istifadə edərək üç xarici işlər naziri, ştatlardan birinin qubernatoru və Konqres üzvü ilə əlaqə saxlayıb.

Fırıldaqçı Rubionun səsini və yazı tərzini təqlid edən süni intellekt proqramından istifadə edərək məmurlara mətn və səsli mesajlar göndərib. Yazışmaların məzmunu açıqlanmır. Məlum olan odur ki, yalnız bir halda fırıldaqçı onları "Signal"da söhbətə dəvət edən mətn mesajı göndərib. Rəsmilərdən hər hansı birinin cavab verib-vermədiyi bəlli deyil.

Bunun arxasında kimin dayandığı və onun nə qədər müddət ərzində Rubio kimi göründüyü məlum deyil. Dövlət katibinin ofisi hesab edir ki, bu, “məlumat əldə etmək üçün” nüfuzlu diplomatları və məmurları manipulyasiya etmək cəhdidir.

Dövlət Departamenti "ətraflı araşdırma aparacağına və gələcəkdə oxşar hadisələrin baş verməməsi üçün tədbirlər görməyə davam edəcəyinə" söz verib. Rəsmilər hədəfə alınan məmurların adlarını açıqlamaqdan imtina ediblər.