Azərbaycan valeyboluna "Hafka" həmləsi
11:18 11-09-2013
İQTİSADİYYAT
Azərbaycan valeyboluna "Hafka" həmləsi
Faiq Qarayevin müəmmalı gedişinə dair məlumatlar "Unikal"da
Xəbər verildiyi kimi, Almaniya və İsveçrədə qadın voleybolçular arasında keçirilən Avropa çempionatında keçirdiyi hər 3 oyunda uduzan Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev istefa verib.
Xorvatiyaya məğlubiyyətdən sonra səhhətində yaranmış problemi əsas gətirərək, komandanı köməkçisi Aleksandr Çervyakova həvalə edən 54 yaşlı mütəxəssis Belarus və Rusiyaya da uduzduqları üçün istefa qərarını verib. Onun millidə qalıb-qalmayacağı komanda Bakıya döndükdən sonra bilinəcək.
Qarayevin yerinə "Azəryol"un braziliyalı çalışdırıcısı Ancelo Vercesinin gətiriləcəyi istisna edilmir. Çünki braziliyalı mütəxəssis milli ilə təlim-məşq toplanışlarında və Avropa çempionatında birgə olub. Ən azından onun baş məşqçi postuna gətirilməsi voleybolçularla yanaşı, baş məşqçi ilə ünsiyyətdə çətinlik çəkən jurnalistlərin də xeyrinədir.
Bütün dünyada artıq yeni sistemin oynanılmasına baxmayaraq, sovet voleybolunun yetirməsi olan Qarayev oyun üslubunda hansısa dəyişikliklər edə bilməyib. Bu səbəbdən yığmamız daha çox 1 voleybolçudan asılı vəziyyətdə olur. Elə Xorvatiya ilə psixoloji cəhətdən həlledici xarakter daşıyan, millimizin "sınması" ilə nəticələnən görüşdə kapitanımız və liderimiz Natalya Məmmədovanın rəqib tərəfindən yaxşı "bağlanması" nəinki qarşılaşmanı, bizim üçün bütün çempionatın taleyini həll etdi.
Bu, məsələnin sırf voleybola bağlı tərəfidir. Amma əldə etdiyimiz məlumata görə, Azərbaycanın valeybol millisində dəyişiklik zərurətini tanınmış iş adamı, "Hafka" ləqəbli Hafiz Məmmədov irəli sürüb. Məsələ burasındadır ki, ölkə valeyboluna patronajlığı nəqliyyat naziri Ziya Məmmədov edir. Nazirin sağ əli isə məhz Hafiz Məmmədov hesab olunur.
H. Məmmədov nəqliyyat nazirinin biznesinin əhəmiyyətli hissəsinin idarəçisidir, eyni zamanda "Bakı" futbol klubunun prezidentidir. Bu klubun fəxri prezidentinin nəqliyyat nazirinin oğlu olması belə deməyə əsas verir ki, Hafiz Məmmədova Ziya Məmmədovun idman sahəsindəki fəaliyyətini yönəltmək də həvalə olunub. Elə bu səbəbdən ölkə valeybolu ilə bağlı həlledici məsələləri də adıçəkilən iş adamının həyata keçirdiyi, son uğursuzluqlardan sonra onun Faiq Qarayevlə yolların ayrılması gərəkliyini dilə gətirdiyi, valeybolumuzda yeni mərhələnin açılması üçün reformlar gərəkliyini bəyan etdiyi bildirilir.
Bəzi iddialara görə, Faiq Qarayev bu haqda eşitdikdən sonra sağlamlığını əsas gətirərək Azərbaycanın valeybol yığmasının baş məşqçiliyini buraxmaq qərarı verib.
Qeyd edək ki, Qarayev həm də nəqliyyat nazirinin prezidenti olduğu Valeybol Federasiyasının vitse-prezidentidir. İstisna edilmir ki, o, bu görəvdən də uzaqlaşacaq. Və tamamilə mümkündür ki, həmin posta məhz Hafiz Məmmədov gətirilsin.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40