Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Yaşıl Gənclik: Dayanıqlı İnkişaf Məqsədlərinə Doğru” yay məktəbinin ikinci günü də zəngin proqramla davam edib.

"Unikal" xəbər verir ki, günün birinci yarısı ADAU-nun Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosenti Fariz Ələkbərov “Dayanıqlı Kənd Təsərrüfatı təcrübələri” mövzusunda seminar keçərək iştirakçılara ekoloji yönümlü əkinçilik üsulları, resursların optimallaşdırılması və genetik seleksiya vasitəsilə məhsuldarlığın artırılması yolları barədə geniş məlumat verib.

Seminardan sonra tələbələr Aqrar Universitetin maddi‑texniki bazası ilə yaxından tanış olmaq üçün Bitki mühafizə laboratoriyası, Balıqçılıq laboratoriyası, Biotexnologiya mərkəzi, Anatomiya və Patanatomiya Muzeyi, eləcə də müxtəlif heyvandarlıq ferma kompleksləri ilə tanış olublar. Ekskursiya zamanı yerlərdə tətbiq olunan müasir texnologiyalar və elmi‑tədqiqat işlərinin gedişi barədə qonaqlara məlumat verilib.

Daha sonra iştirakçılara komandalar şəklində layihə hazırlığı üçün vaxt ayrılıb, gənclər öz startap ideyalarını və təqdimatlarını hazırlayaraq gələcək sessiyalara hazırlaşıblar. Bu sessiyalar zamanı onlar mentor məsləhətləri alaraq ideyalarını daha da təkmilləşdiriblər.

Axşam isə ADAU-nun həyətində “CineCloud” açıq hava kinosu təşkil olunub. Tələbələr kinoseansdan zövq alaraq, həmçinin fərqli interaktiv oyunlarda iştirak ediblər, komanda ruhu və əyləncə dolu anlar keçiriblər.