Suriya səlahiyyətliləri rəsmi olaraq Türkiyəyə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən İŞİD terrorçuları ilə mübarizədə dəstək xahişi ilə müraciət ediblər.
"Unikal" xəbər verir ki, bu barədə iyulun 23-də Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbələr məlumat verib.
Müdafiə Nazirliyi Türkiyənin Suriyanın müdafiə potensialına töhfə verməyə davam etdiyini qeyd edib. “Ankara Suriyanın yeni hökuməti ilə sıx əlaqədədir. Suriya hərbçilərinin təlimi, həmçinin orduya məsləhət və texniki dəstək göstərilməsinə dair addımlar atılır”, - deyə nazirlikdən bildirilib.
Türkiyə Müdafiə Nazirliyi qonşu ölkənin siyasi birliyi və ərazi bütövlüyünün Türkiyə üçün prioritet olaraq qaldığını vurğulayıb. “Ankara regionda davamlı sülh və sabitliyin təmininə töhfə verməyə davam edəcək”, - deyə Müdafiə Nazirliyindəki mənbələr əmin ediblər.
Vurğulanıb ki, Türkiyə Suriyada, o cümlədən qonşu ölkənin şərq və şimal-şərq bölgələrində baş verən prosesləri diqqətlə izləyir.