Cənubi Afrikanın lüks “Gondwana” Xüsusi Təbiət Qoruğunda dəhşətli hadisə baş verib.
"Unikal" xəbər verir ki, parkın baş direktoru və ortaq sahibi, 39 yaşlı FC Konradi, altı tonluq bir filin hücumu nəticəsində həyatını itirib.
Bildirilir ki, erkək fil qəfil aqressivləşərək Konradiyə hücum edib. Nəhəng heyvan əvvəlcə dişləri ilə ona hücum çəkib, daha sonra isə dəfələrlə üzərinə çıxaraq əzib. Hadisə yerinə dərhal gələn mühafizəçilər müdaxilə etsələr də, Konradiyə yardım göstərmək mümkün olmayıb.
Park rəhbərliyindən verilən məlumata əsasən, turistlərin hadisəyə şahid olub-olmadığı bilinmir. Lüks qoruq “Big Five” adlanan – aslan, buffalo, gərgədan, leopard və fil kimi heyvan növlərinə ev sahibliyi edir. Milyonçunun fillərə və ümumilikdə təbiətə böyük sevgi bəslədiyi, onları tez-tez şəxsən müşahidə edərək fotoşəkil çəkdiyi vurğulanıb.