Milli Şuranın seçki qorxusu
10:28 12-09-2013
İQTİSADİYYAT
Milli Şuranın seçki qorxusu
Məğlubiyyəti sığortalamaq cəhdləri
Rüstəm İbrahimbəyovdan əlini üzəm ənənəvi müxalifət,
qaçılmaz olan uğursuzluğa indidən səbəb axtarmağa başlayıb
Seçki günü yaxınlaşdıqca müxalif düşərgə gözlənilən məğlubiyyətin sığortalanması istiqamətində fəaliyyətini genişləndirib. Xaricdən gözlədikləri dəstəyə arxalanıb xalqla, seçicilərlə ünsiyyətə maraq göstərməyən düşərgə sonda çıxılmaz vəziyyətə düşüb. Bir müddət Rüstəm İbrahimbəyovun nağılları ilə dərin yuxuya dalmış müxalifət ayılınca, artıq gec oldu.
Müxalifət İbrahimbəyovun onları hansı duruma saldığını gec də olsa anladı. Amma anladısa da, artıq bu, heç nəyi dəyişmirdi. Artıq düşərgənin seçkiyə heç bir ümidi qalmayıb. Bu mənada məğlubiyyətin acı nəticələrindən bəri başdan sığortalanmağı daha üstün tutublar. Müxalifətin nisbətən səmimi kəsimi məğlubiyyətlərində az rol oynamamış faktorları, xüsusilə İbrahimbəyov faktorunu açıq şəkildə dilə gətirsə də, bəziləri bunu konkret olaraq etiraf etməkdən çəkinir, yenə də ənənəvi olaraq iqtidarı günahlandırmağa çalışır. Lakin onlar unutmamalıdırlar ki, müxalifət hələ seçkiyə xeyli qalmış İbrahimbəyovun namizədliyini seçkinin taleyi üçün əsas amil hesab edirdi. Bu da onların, xüsusilə də "lider"lərinin nə qədər dar düşüncəli olduğunu göstərir.
Müxalif düşərgəni bu hala salan İbrahimbəyovun isə artıq seçki heç vecinə də deyil. O, hazırda Rusiyadakı biznesini genişləndirməklə məşğuldur. Seçkinin taleyinin yüz faiz müxaliflərin əleyhinə olacağını anlamış rejissorun bu düşərgədə baş verənlərə az da olsa vaxt ayırmağa heyfi gəlir. Jurnalistlər hər dəfə ondan müsahibə götürmək istəyərkən yaradıcılıq işlərinin çoxluğunu bəhanə gətirərək "xala xətrin qalmasın" bir neçə kəlmə ilə onları başından eləyir. Əslində müxalifətin lideri olan bir şəxsin əsas işi elə düşərgənin problemləri ilə bağlı olmalıdır. Əgər siyasətə qoşulmuşsansa, prezident olmaq iddian varsa, gərək digər işlərinə ara verib siyasətlə məşğul olasan. Çünki ən azından onu dərk etməlisən ki, öz yağlı vədlərinlə xeyli insanı aldatmısan.
Elə müxalif düşərgə də artıq İbrahimbəyovdan əlini üzüb. Onun seçkiyə maddi dəstək verməyəcəyini (xalqdan 1 manat istəməsi bunu təsdiqlədi), Rusiyadan ona dəstək verilməməsini bəyan etməsini, Milli Şura daxilindəki münaqişələri yatırmağa cəhd göstərməməsini və s. müşahidə edən müxaliflər öz başlarının çarəsini tapmağa çalışırlar.
Təsadüfi deyil ki, AXCP və Müsavat Cəmil Həsənlinin seçki kampaniyasını öz üzərlərinə götürüblər. R.İbrahimbəyovun Milli Şuraya gətirdiyi qüvvələri isə prosesdən kənarlaşdırıblar. Son günlər şura daxilində baş verən gərginliklərdə İbrahimbəyovun narazıları müdafiə etməsi də bir daha ənənəvi müxalifətin kinorejissorun liderliyindən imtina etdiyini göstərir.
Müxalifət düşərgəsinin düşdüyü hazırkı durum onun seçkilərdə birmənalı şəkildə uduzmasını şərtləndirir.
Bu mənada məğlubiyyətin sığortalanması çərçivəsində müxaliflərin 21 günlük seçki təbliğatı dövrünün azlığından şikayətlənməsi isə təəccüb doğurmur. Əslində onlar bir həqiqəti dərk edə bilmirlər ki, seçkiyə hazırlıq, seçicilərin öz tərəfinə çəkilməsi seçki kampaniyası dövründə aparılmır. Seçkiyə hazırlıq axırıncı seçkidən həmən sonra başlanılmalıdır. 5 illik qiymətli bir zamanı dəyərləndirə bilməyənlər əlbəttə ki, 21 günə heç nə edə bilməzlər. Xüsusilə də seçkiyə ictimaiyyətin düz-əməlli tanımadığı namizədlə gedərkən bu, heç mümkün deyil.
Bu baxımdan düşərgə düşdüyü ağır durum və qaçılmaz məğlubiyyətlə bağlı seçkidən sonra öz tərəfdarlarına təsəlli vermək üçün bəhanələr aramaqdadır. Milli Şura üzvlərindən Arif Hacılının və Mehman Əliyevin son açıqlamaları da bunu deməyə əsas verir. Onların hər ikisi iddia edib ki, guya ölkədə seçki mühiti yoxdur. Seçki kampaniyası dövründə tərəflərə bərabərhüquqlu təbliğat imkanları verilmir.
Onların bu iddiasının nə qədər gülünc olduğu ortadadır. Bu mənada YAP funksioneri Mübariz Qurbanlının fikirləri yerinə düşür: "Azərbaycan müxalifətinin radikal qanadına mənsub olan dairələrin nümayəndələri Prezident İlham Əliyevin seçkiyə qədər dövlət başçısı kimi fəaliyyətini dayandırmasını və faktiki olaraq işləməməsini təklif edirlər. Məsələn, ölkəyə yeni gələn səfir öz etimadnaməsini Prezidentə təqdim etmək istəyirsə, gərək etməsin, gözləsin. Və ya maaşının artımını arzulayan vətəndaş bu fikirlərdən əl çəkməlidir, müxalifət hesab edir ki, olmaz....Siyasi mübarizədə nihilist və məntiqsiz mövqe nümayiş etdirən radikal müxalifətin "başbilənləri" bu dəfəki seçkilərdə əcaib təklifləri ilə özlərini çox gülünc vəziyyətə qoyublar. Axı harada yazılıb ki, prezidentliyə namizəd olan hazırkı prezident dövlət başçısı səlahiyyətlərindən imtina etməlidir?
Müxalifətdə hesab edirlər ki, hələ təbliğat-təşviqat dövründən öncə əgər telekanallar prezidentin günlük fəaliyyəti ilə bağlı 50 saniyə, 1 dəqiqə xəbər verirsə, bu, normaldır, əks halda anormaldır. Telejurnalistikadan az da olsa baş çıxaran adam bu "arqumentə" sadəcə istehza ilə baxır. Çünki xəbər süjetinin xronometrajını xəbərin operativliyi, mahiyyəti müəyyən edir. Bu məntiqlə Prezident əgər Qarabağ danışıqları ilə bağlı xalqa mühüm mesaj çatdırmaq istəyirsə, o zaman onun danışığı efirdə yarımçıq kəsilməlidir ki, 50 saniyə keçdi...".
Göründüyü kimi, müxalifətin ölkədə seçki mühitinin olmaması, seçki təbliğat dövrünün qısalığını və s. iddia etmələri yalnız gözlənilən acı məğlubiyyəti sığortalamaqdan başqa bir şey deyildir.
Alı
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40