Avropa İttifaqı ABŞ-a qarşı 93 milyard avroluq əks rüsumlardan ibarət tədbirlər paketi hazırlayıb.

"Unikal" Almaniya mətbuatına istinadla xəbər verir ki, bu, ABŞ Prezidenti Donald Trampın Aİ məhsullarına qarşı avqustun 1-dən tətbiq edəcəyi yeni və yuxarı gömrük rüsumları ilə bağlı razılığın əldə olunmayacağı təqdirdə baş verə bilər.

ABŞ məhsullarına qarşı 30 faizədək nəzərdə tutulan gömrük rüsumlarının siyahısı 27 üzv ölkə arasında razılaşdırılıb. ABŞ ilə bu məsələdə razılıq əldə olunmazsa cavab tədbirləri avqustun 7-dən tətbiq oluna bilər.

Hazırda Aİ və ABŞ transatlantik ticarət münaqişəsinin daha da alovlanmasının qarşısını almaq üçün danışıqları davam etdirir. ABŞ Prezidenti Donald Tramp iki həftə əvvəl Aİ məhsullarına qarşı avqustun 1-dən yeni və yüksək rüsumların tətbiq ediləcəyini elan etmiş və Aİ-yə əks-tədbirlər görməmək barədə xəbərdarlıq etmişdi. Buna baxmayaraq, Aİ-nin cavabı ABŞ-ın planlaşdırdığı rüsumlarla müqayisədə daha yumşaqdır. ABŞ-ın 30 faizlik rüsum tətbiq etməsinin Aİ məhsullarının təxminən 370 milyard avroluq hissəsinə təsir göstərəcəyi bildirilir. Bunun da Transatlantik ticarətə ciddi zərbə vuracağı gözlənilir.

Avropa Komissiyası ABŞ ilə razılığa gəlmək üçün bütün səyləri göstərdiyini və kompromisin əldə olunacağına inandığını açıqlayıb.