İnsanların çoxu oturarkən ayağını ayağının üstünə aşırmaq vərdişinə malikdir. Lakin bu rahat görünən pozanın sağlamlıq üçün ciddi fəsadlar doğura biləcəyi hər kəsə məlum deyil.

"Unikal" xəbər verir ki, bu barədə rusiyalı terapevt Mariya Tolstova yerli KİV-ə açıqlama verib. 

Həkimin sözlərinə görə, bu pozada uzun müddət oturmaq ilk növbədə onurğa sütunu üçün təhlükəlidir. Belə vəziyyət onurğa və çanaq sümükləri arasında oxun pozulmasına səbəb olur. Nəticədə bel ağrıları, fəqərə disklərində problemlər, yırtıqlar, skolioz və digər ciddi xəstəliklər yarana bilər.

Tolstova həmçinin bildirib ki, bu oturma tərzi diz və bud-çanaq oynaqlarında zədələnmələrə səbəb ola bilər.

Bundan əlavə, “çarpaz ayaq” pozası ayaqlarda venoz qan dövranını zəiflədir. Bu da varikoz, ayaqlarda şişkinlik və damar trombozunun əsas səbəblərindən biri ola bilər.

Həkimin sözlərinə görə, bu pozada uzun müddət qalmaq kiçik çanaq orqanlarının funksiyasını da poza bilər. Bu isə qadın və kişilərdə reproduktiv funksiyalara mənfi təsir göstərir.

Ümumilikdə bu vərdiş qan dövranı sistemində problemlərə yol açır. Tolstovanın bildirdiyinə görə, bu vəziyyətdə uzun müddət qalmaq arterial təzyiqin yüksəlməsinə səbəb olur ki, bu da ürək-damar sisteminə əlavə yük salaraq müxtəlif xəstəliklərin inkişaf riskini artırır.

Həkim son olaraq sağlamlığı qorumaq üçün iş və istirahət rejiminə əməl etməyi, xüsusilə oturaq işlə məşğul olanlara fasilə verərək bel, boyun və ayaq əzələləri üçün yüngül gərmə hərəkətləri etməyi tövsiyə edib.

Gülayə Mecid